“Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı baş tutdu. Dünyanın
nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı bu əlamətdar tədbirə dövlətimizin başçısı cənab
İlham Əliyev də dəvət alıb. Təbii ki, bu, beynəlxalq miqyasında Azərbaycanın yüksələn
mövqeyini və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olması ilə
əlaqədardır. Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti
həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları
barədə fikirləri öyrənilməsin. Cənab İlham Əliyev yalnız regional məsələlərdə deyil,
mahiyyətindən asılı olmayaraq baş verən qlobal hadisələr zamanı qətiyyətli və ədalətli mövqe
nümayiş etdirir. Bu, hamı, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki,
Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal
miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində
önəmli nümunədir”.
“Avropa Siyasi Birliyi” qitənin təhlükəsizliyinin, sabitliyinin və rifahının
möhkəmləndirilməsi kimi, qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və
əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Təbii ki, bu istiqamətdə də Azərbaycanın
mövqeyi bəllidir. Ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə
önəmli töhfələr verir, əməkdaşlığın dərinləşməsinə çalışır, haqq və ədalətə söykənən xarici
siyasət həyata keçirir. Azərbaycanın regiona gətirdiyi yeni reallıqlar da bunun əyani
sübutudur. Belə ki, ölkəmiz bütövlükdə bölgənin inkişafına əngəllər törədən münaqişəni
aradan qaldırmaqla regionda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar ilk növbədə sülh və
sabitliyə əsaslanır, dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Əvvəllər bu barədə fərqli
fikirlər səslənsə də, artıq dünya dövlətləri bunun mahiyyətini anlayır və bu reallıqlarla razılaşır.
Bütün bunların müəllifi isə qurucu, yaradıcı Lider cənab İlham Əliyevdir.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısında aparılan müzakirələr və gəlinən
qənaət regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə
böyük töhfə olacaq: “Prezident İlham Əliyevin Zirvə Toplantısı çərçivəsində dövlət və hökumət
başçıları ilə görüşləri baş tutdu. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin
istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş
statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud
əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli
danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi
dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Eləcə də COP29-a da görüşlərdə
toxunulub və əhəmiyyəti vurğulanıb. Sözsüz ki, dünya liderlərinə və ictimaiyyətinə bəllidir ki,
Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Şübhəsiz, ölkəmiz
COP29-u da yüksək səviyyədə təşkil edəcək və burada qəbul olunacaq qərarlar iqlim
dəyişikliyi ilə mübarizədə faydalı olacaq”.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru