Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam
olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən
bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə
açılıb. "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli
Mətbuat Günü kimi qeyd olunur.
“Əkinçi" qəzeti geriliyə, cəhalətə, xürafata qarşı kəskin mübarizə aparırdı. Qəzet
elmin, maarif və mədəniyyətin təbliği, mövhumat və cəhalətin tənqidi ilə kifayətlənməyib,
feodal istismarına qarşı etiraz edir, xalqın malını-mülkünü mənimsəyən, onun hüquqlarını
əlindən alan, insan şəxsiyyətini tapdalayan mövcud üsul-idarəyə etirazını bildirirdi.
1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-
400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin
Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən
maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də
sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası
qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd
olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün
görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını
təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Milli mətbuatımızın tarixindən, bugünkü durumundan və inkişaf perspektivlərindən
danışarkən biz ilk növbədə qeyd etməliyik ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın
formalaşmasında Uu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub .1978-ci ildə qəbul edilən
Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili Ulu Öndər Heydər Əliyev tərəfindən
dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması
Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir
hadisəyə çevrildi. Ona görə də, məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion
əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə,
artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.Ümummilli Lider Heydər Əliyevin 1998-ci
il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının
təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində
senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan
verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas
istiqamətlərini müəyyən edib.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada
çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir
dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya
şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun
yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq,
o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların
göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli
mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında
sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci
illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə
mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri
üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Beləliklə, 149 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçmişdir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir Mətbuata xüsusi dövlət
qayğısı və diqqətinin mövcud olması, Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif
medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” portalının rəhbəri