Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi
“Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 149-cu
ildönümünü qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın
maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Mətbuatımızın qaranquşu olan "Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq
mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu,
Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli
birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını
üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında
çox məşhurlaşıb.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”,
"İrşad”, "Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli
qayəli qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas
hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.
Dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm
məqalələrlə çıxış ediblər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa
Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni
demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Sovetlər dönəmində çox böyük təzyiqlərə baxmayaraq Azərbaycan mətbuatı milli
varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil
olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın
ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22
iyul Azərbaycan jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra
Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Bu gün ölkədə 5 mindən
çox media subyekti var. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib. Artıq Azərbaycan mətbuatı həm
kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik
ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında"
qanun qəbul edilib.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın
inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər,
habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın
inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham
Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında” Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük
rəğbətlə qarşılanıb. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə
görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat
işçilərinə qayğının göstəricisidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan
vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib.
Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin
edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın
İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın
inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər
həyata keçirir. Əminik ki, yeni yaranmış bu Agentlik üzərinə düşən missiyanı layiqli şəkildə
yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu və jurnalistlərin fəaliyyəti çox
mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin fədakarlıq və çeviklik sayəsində dünya
ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər
haqqında dolğun məlumatların çatdırılması təmin edilib. Eyni zamanda xeyli jurnalist Vətən
müharibəsinin iştirakçısı olmuş, müxtəlif dövlət mükafatları ilə təltif edilmişlər. Öz peşə
vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin – Məhərrəm İbrahimov və
Sirac Abışovun minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt
reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya
müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini
tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan
verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas
səbəbkarları Azərbaycan jurnalistləridir. Hazırda media məkanında sürətli qloballaşma
prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, milli
mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq
missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın
qarşısıalınmaz tələbidir. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin
yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq
səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media
haqqında” Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edildi. 9 fəsil,
78 maddədən ibarət sözügedən qanun layihəsi 20 dekabrda ikinci, 30 dekabrda isə üçüncü
oxunuşda müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edilib. Ümid edrik ki, bu Qanun
mətbuatımızın inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru