Bu gün əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan
Milli Mətbuatımızın yaranmasından 149 il ötür.
XIX əsrin sonlarına yaxın Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də,
redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən
bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində onunla yanaşı Mirzə Fətəli Axundzadə, Seyid
Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük xidmətləri
olub.
Cəmi 56 sayı işıq üzü görən “Əkinci” qəzeti Azərbaycan milli mətbuatının
formalaşmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə
götürən qəzet qısa zaman kəsiyində həm ziyalı, həm də sadə insanlar arasında çox
məşhurlaşır.
“Əkinçi”nin redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun
cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, “Əkinçi” real həyatdan bəhs edən əsərlər uğrunda
qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və
ədəbi tənqidinin inkişafına faydalı təsir göstərirdi. H.Zərdabi dünyagörüşü etibarilə maarifçi-
demokrat idi. O, Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız
məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə
misilsiz rol oynamış ziyalıdır.
Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli
şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başlayır. Təhsil
sahəsində bəzi dəyişikliklər həyata keçirilir. Məktəblərdə ana dilinin tədrisinin həyata
keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdır.
S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam
dininin tarixi, həmçinin rus və ana dili tədris olunur. Maarifçiliyin geniş intişar tapmasında bu
şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi,
Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin
nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış
olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli
mətbu orqan yaratmaq üçün fəaliyyətə keçirlər. Xalqın tərəqqisini onun maariflənməsində
görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif
ideyaları həyata keçirirlər. “Müsəlman şagirdlərinə yardım cəmiyyəti” təsis edir və
gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə
bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini
ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmayır. Böyük
çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1-2
nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı, Həsən bəy öz mənzilində pansionat açır, hər il 10
azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır.
1872-ci ildə ailə həyatı qurduğu, Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə xanım
Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi
yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir: “O, 1
dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı. Təbii ki, Həsən bəyin gördüyü işlərin
hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi.
Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin
mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O, ana dilində qəzet nəşr etmək fikrinə hələ
Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifçisi
Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.
“Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə
prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi.
Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində
böyük tarixi xidmətlər göstərdi.
Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində,
ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və
sonda qəzetin nəşrini dayandırdı.
Azərbaycan öz müstəqilliyini təkrar bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə
qayıdış mətbuat sahəsində də özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. 1998-
ci ildə ümummilli lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv
edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, milli mətbuatımizin
inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı
Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə
söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu
sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə
informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin
bir hissəsinə çevirib.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər
zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44
günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya
mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət
barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz
peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən
müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı
çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif
medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi