Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi sakinləri tərəfindən icra başçısı Adil Əliyevə müraciət ünvanlanıb. Dia-az.İnfo müraciəti Anaxeber.İnfo-ya istinadla təqdim edir:
"Hörmətli, Adil müəllim! Əvvəla, Sizi bu təyinatınız münasibəti ilə təbrik edir, işinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, siz bundan əvvəlki fəaliyyətinizi Suraxanı rayonunda da yüksək səviyyədə və layiqli şəkildə davam etdirəcəksiniz. Çünki Sizin fəaliyyətinizə bələd olan insanlar kimi şahidik ki, parlamentin üzvü və vitse-spiker olduğunuz dövrdə hər zaman vətəndaşların, şəhid ailələrinin, qazilərin yanında olmusunuz, seçicilərin, deputatı olduğunun rayonun sakinlərinin ən kiçik probleminə belə hər zaman həssaslıqla yanaşmısınız. O baxımdan əminik ki, bu müqəddəs addımlarınızı Suraxanı rayonunda davam etdirəcəksiniz. Hətta bunun real nəticələrini də görmək olar. Belə ki, sizin kollektivə təqdim olunduğunuz və icra başçısı vəzifəsinə başladığınız gündən şəhid mayorumuz Rüfət Əsgərovun ailə üzvlərini ziyarət etmisiniz, qızı Zəhranın ad gününü təbrik etmisiniz. Həmçinin, Dədə Qorqud qəsəbəsində şəhidlər xiyabanını ziyarət etmisiniz, o cümlədən Yeni Suraxanıda sakinlərlə görüş keçirmisiniz. Artıq ilk günlərdən belə aktiv fəaliyyətinizlə bir daha hər kəsdə böyük inam və ümid yaratmısınız, onsuz da Sizə olan güvəni növbəti dəfə təsdiqləmisiniz ki, hansı vəzifəni tutmağınızdan asılı olmayaraq, hər yerdə vətəndaşların yanında olacaqsınız.
Dəyərli, Adil müəllim!
Biz "Sahil - S İnşaat" firmasına aid binanın sakinləriyik. Bu şirkətin rəhbərləri dələduzluq əməlinə, bir mənzili bir neçə vətəndaşa satmaq ittihamı ilə bizim şikayətlərimiz əsasında hazırda həbsdədirlər. Bu illər ərzində bizim başımıza gəlməyənlər qalmayıb və bu binanın sakinlərinin bütün şikayətləri, müraciətləri yerli mətbuatda geniş işıqlandırılıb və çox uzatmağa ehtiyac görmürük. Yalnız diqqətinizə çatdırmaq istəyirik ki, binanın tikintisi yarımçıq qalmışdı və son illərdə Azərbaycanın I Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanən xüsusi dəstəyi, göstərdiyi yardım və tapşırıqlar əsasında xeyli işlər görülüb. Eyni zamanda, biz sakinlər də öz resurslarımız, gücümüz çatan səviyyədə binanın yarımçıq qalan işlərini tamamlamağa çalışmışıq. Amma kredit ödəyicisi olduğumuz üçün binanın bütün işlərini tamamlamağa gücümüz çatmayıb. Ona görə 165 ailə indiyə qədər tam olaraq mənzillərinə köçə bilmir. Ancaq bir daha qeyd edirik ki, hörmətli Mehriban xanımın dəstəyi və sakinlərin aktivliyi hesabına lift, işıq, su və bir sıra məsələlər həllini tapıb. İndisə bizim daha artıq iş görməyə əlavə vəsaitimiz və gücümüz qalmayıb. Xüsusən də binanın həyətinin abadlaşdırılması, park, yaşıllıq salınması, uşaqlar üçün bir attraksion quraşdırılması, həyətdə zəruri olan səliqə-sahmanın yaradılması ən vacib çətinliklərimizdən biri olaraq qalır.
Əziz Adil müəllim!
Bizim sizə müraciətimizə səbəb sizə olan inam, sözübütöv, verdiyi vədin və tapşırığın arxasında dayanan bir insan olmağınızdır. Biz bilirik ki, Siz sakinlərin müraciətinə diqqətlə yanaşacaq, müvafiq tapşırıqlar verəcək, əlinizdən gələn dəstəyi əsirgəməyəcəksiniz. Bu məqsədlə bizim Suraxanı rayonunun başçısı olaraq sizdən dələduzluğun qurbanı olmuş 165 ailənin səsinə səs verməyə, binamızın həyətinin abadlaşmasına dəstək göstərməyə çağırır, bu problemin həlli üçün kömək olmağınızı xahiş edirik. Bizim bundan əvvəl dəfələrlə Suraxanı rayonunun keçmiş başçısı Əziz Əzizova müraciətlərimiz olub, amma nə cavab verib, nə addım atıb. Ümumiyyətlə, onun fəaliyyəti heç nə ilə yadda qalmadı və cənab prezidentin verdiyi sərəncam bizim üçün sevincə səbəb oldu. Çünki Sizin bura qədərki fəaliyyətinizi izləmişdik və bilirdik ki, sözünün üstündə dayanan oğullardan birisiniz. Ona görə Sizdən xahiş edirik ki, bizə vaxt ayırın, həyətimizin abadlaşması üçün köməklik edin, hətta vaxt və imkanınız olarsa, binamızın həyətinə gəlin, şəraitlə yerindəcə tanış olun. Biz inanırıq ki, bu müraciətimiz hörmətli icra başçımız Adil Əliyev tərəfindən tezliklə müsbət reaksiyaya səbəb olacaq".