Dost ölkə olan Pakistan keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də
bildirib, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi
tanımayıb. Həmçinin, Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən
qətnamə qəbul edib. Eyni zamanda da Azərbaycan da bütün məsələlərdə Pakistanın
mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter
daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə
həmrəydir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və
Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına
dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və
bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edərkən
dövlət başçımız bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf
edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu bağlantının böyük sərvət olduğunu
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında
qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə,
istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik.
Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı
olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də
beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən
kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll
olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki
qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində
dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Öz növbəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin
Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə
sizin haqq işinizi dəstəkləyib. Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini
vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq
olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük
qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı,
Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə
xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi
qiymətləndirilir. Dost ölkədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən silsilə
humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib,
bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri
aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək
cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə
məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib.
Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün
əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30 min nəfərdən çox
imkansız insana qurbanlıq paylanılıb.
Bu gün Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın
Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa
etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və
çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Hazırda Azərbaycanda
3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti,
ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan Pakistan ilə
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Pakistan şirkətləri işğaldan
azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. iki
ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir. Pakistan
rəsmiləri etiraf edir ki, İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-
Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi
ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə ehtiyacı var.
Azərbaycanın da Asiyanın uyğun bazarında İslam Respublikası ilə əməkdaşlıq etməsi faydalı
olar. Bununla ölkəmiz Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər.
Nəzərə almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə Pakistan da xeyir
götürər. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də, Cənubi Qafqaz arasında
əlaqələrin genişlənməsinə də təkan verər”.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru