KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Pakistan münasibətlərində dostluğun, qardaşlığın, sarsılmazlığın təqdimatı

Dövlət başçısı İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş
ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin
müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində,
siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin
inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz
birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid
bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə
deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  belə bir əminliyi də ifadə  etdi ki, bu  səfər iki
ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.
Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının
sarsılmazlığının  təqdimatı oldu. Hər iki qardaş ölkə  müharibə başlanan andan Azərbaycana 
siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız
bu dəstəyin yaratdığı sevinc və qürur hissini  üç qardaş ölkənin  bayraqlarını birgə
dalğalandırmaqla nümayiş etdirdilər. Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız  44
günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. 30 illik işğal dövründə Azərbaycanın ədalətə
və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək
tribunalardan bəyan edilib və müdafiə olunub.  Bu fakt da hər kəsə məlumdur ki, Pakistan
Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər
qurmayıb. 1993-cü ildə  BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı 
qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. Dövlət başçısı İlham Əliyev 
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə   bu məqamlara
bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan
və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə
çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə,  2020-ci ildə Vətən müharibəsi
zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən
biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi.
Azərbaycanın  Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur.  İslam Əməkdaşlıq Təşkilatının
Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq,
ədalət, beynəlxalq hüquq Pakistanın  tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə
ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən  dövlət səfəri Azərbaycan və
Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün
sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.  Hər
bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif
sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri
çərçivəsində 10-dan artıq   sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25
sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Son illərdə iki ölkə liderləri arasında təmaslar
daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı
beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Bu baxımdan bu
günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində
Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü oldu. Hər bir səfər münasibətlərdə
yeni bir səhifənin açılmasıdır. Səfər çərçivəsində cənab İlham Əliyevin pakistanlı həmkarı Asif
Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirildi və əməkdaşlığın gələcək prioritetləri müzakirə
olundu.
Ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda inkişaf etdirilməsi
də  diqqətdən kənarda qalmır. Astanada “ŞƏT plyus” formatında keçirilən  görüş çərçivəsində 
Prezident İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüş keçirildi. Üç dost ölkə arasında
əlaqələr müxtəlif səviyyələrdə qurularaq uğurla inkişaf edir. O da məlumdur ki, ötən ilin iyul
ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda üçtərəfli görüşü

keçirildi və imzalanan Bakı Bəyannaməsi münasibətlərin hazırkı inkişafının yol xəritəsi oldu.
Astana görüşündə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş”
şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı
Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin
irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə
gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da
dərinləşəcəyini söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin Pakistana sözügedən
səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik.
Hazırda  ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin
praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar  planlarımızdır və bütün planlarımız icra
olunacaq.
Ramin Yahyayev,
Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi


09:13 14.07.2024