KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Pakistan münasibətlərində tarixi köklərlə yanaşı, liderlərin qətiyyətli mövqeyi və siyasi iradəsi əhəmiyyətli rol oynayır

İyulun 11-dən etibarən Pakistanda dövlət səfərində olan Prezident İlham Əliyev
mətbuata bəyanatında ölkələrimiz arasındakı münasibətlərə özəllik verən bu məqamı xüsusi
olaraq vurğuladı: “2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın
əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi
unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə
etdiklərimiz bu bünövrəyə əsaslanır”.
Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri əyani şəkildə onu da nümayiş etdirdi
ki, ölkələrimiz arasında qardaşlığa və səmimiyyətə söykənən münasibət, sözün bütöv
mənasında, qarşılıqlıdır. Bu gerçəkliyin ərsəyə gəlməsində obyektiv tarixi köklərlə yanaşı,
Liderlərin qətiyyətli mövqeyi və siyasi iradəsi əhəmiyyətli rol oynayır. Pakistan Ermənistanın
işğalçılıq siyasətini ilk gündən qətiyyətlə pisləyib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla
bağlı məlum dörd qətnaməsini 27 il ərzində israrla müdafiə edib və bu illər ərzində mənəvi-
siyasi dəstəyini ölkəmizdən əsirgəməyib. Öz növbəsində, Azərbaycan da üzləşdiyi təzyiqlərə,
ərazi bütövlüyü ilə bağlı həll etməli olduğu problemin mürəkkəbliyinə və Pakistan əleyhinə
düşərgədəki böyük dövlətlərin mövqeyinə baxmayaraq, həmişə qardaş ölkəyə dəstək verib və
BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələrini ardıcıl şəkildə müdafiə edib.
Dövlətimizin başçısı İslamabadda səsləndirdiyi növbəti açıqlaması ilə beynəlxalq birliyə bir
daha bəyan etdi ki, Azərbaycan, həmişə olduğu kimi, mövqeyinə sadiqdir: “Cəmmu və Kəşmir
məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan
sadiqliyimizdir… Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra
mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər
zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən
əminəm ki, ədalət zəfər çalacaq”.
Prezident İlham Əliyevin Pakistana dövlət səfəri çərçivəsində ölkələrimiz arasında
imzalanmış sənədlərin mübadiləsi mərasimi dünyaya həm də bu mesajı verdi ki,
əməkdaşlığımızın əhatə dairəsi getdikcə daha da genişlənir. Ənənəvi əməkdaşlıq sahələrinə,
o cümlədən müdafiə sənayesindəki tərəfdaşlığımıza artıq ticarət, sərmayələr, sənaye,
energetika, daşımalar, nəqliyyat dəhlizləri, mədəniyyət və humanitar kimi yeniləri əlavə
olunur. İlkin mərhələdə 9 təsnifat üzrə güzəştli ticarətin tətbiqi nəzərdə tutulur. Heç şübhəsiz
ki, bütün bunlar, ələlxüsus, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz
Şərifin mətbuata bəyanatında səsləndirdiyi bu fikir tarixi Zəfərimizi həzm edə bilməyən
dairələr üçün heç vaxt unutmayacaqları bir mesaj oldu: “Biz fərqli dillərdə danışırıq, biz urdu
dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq,
lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına
baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli
münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”.
O da şəksizdir ki, Pakistanın hava məkanında Azərbaycan Prezidentinin təyyarəsini
qardaş ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin qarşılaması və eniş edənədək
onu müşayiət etməsi Qalib Azərbaycanın Müzəffər Lideri Prezident İlham Əliyevin
şəxsiyyətinə göstərilən xüsusi ehtiramın ifadəsidir. Bu səhnə Azərbaycanda hər kəsi nə qədər
qürurlandırdısa, əmin olun ki, bədxahlarımızı da bir o qədər məyus etdi. Bir daha onların hər
birinə xatırlatdı ki, əsrlərə söykənən və hətta XXI əsrdə imtina etmədikləri ayrı-seçkilik və
bölücülük siyasəti Haqqın və ədalətin, qətiyyətli Lider gerçəkliyi və Xalqın etimadı qarşısında
həmişə acizdir.
İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
müdirinin müavini


22:12 13.07.2024