KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir

“Məlumdur ki, dövlətimizin müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki,
bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də
işğalçı ölkənin ərazilərimizi hərbi yolla zəbt etməsi, insanlarımızın məcburi köçkün halına
düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici
siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret
mövqe də yox idi. Təbii ki, bütün bu qeyd olunanlar xarici ölkələrlə münasibətlərin
qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi
maneələr yaradırdı. Belə bir durumda bizə yaxın gələn, ürəkdən dəstək verən, Türkiyədən
sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş
Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə
saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib,
strateji müttəfiqlik səviyyəsinə çatıb”.
Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrda beynəlxalq tədbir çərçivəsində həmin
vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki,
məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni
mərhələyə qədəm qoydu: “1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə
isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr
açmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da
Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər
davam etdirilib. Təşkil olunan qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər
çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı
əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox
sahələr üzrə əməkdaşlığın genişlənməsinə səbəb olub”.
Ümumiyyətlə, münaqişə dövründə Azərbaycanın xarici siyasətinin əsas tərəfini
Ermənistanın işğal siyasətini dünyaya çatdırmaq və bu münaqişənin həllinə nail olmaq təşkil
edib. Həmin dönəmlərdə Pakistan bizim haqq işimizə səmimi-qəlbdən dəstək verib, qəti və
birmənalı mövqe sərgiləyərək qlobal aləmdə ölkəmizin ərazi bütövlüyünü davamlı şəkildə
müdafiə edib, Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Həmçinin bu səbəbdən
Ermənistanla diplomatik münasibətlər qurmayıb, hətta onun müstəqilliyini, bir dövlət kimi
varlığını belə tanımayıb. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı
BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin qəbul olunmasında rəsmi
İslamabadın xüsusi xidmətləri danılmazdır. Bütün bunlar, sözsüz ki, haqq və ədalətə
söykənən bir siyasətdir, səmimi və təmənnasız dostluğun təzahürüdür.
Eyni zamanda dünyaya səs salan, bənzərsiz Qələbə ilə tariximizdə yeni səhifə açan,
təcavüzkar ordunun məhvi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi vaxtı dost ölkə
möhtəşəm dəstəyini ifadə edərək rəsmən Azərbaycanın yanında olduğunu bildirdi. Hər gün
Pakistanın kütləvi informasiya vasitələri yenilənən xəbərlərlə müharibə ilə bağlı məlumatlar
verir, reallığı, əsl həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Qələbə xəbərlərinə isə
qardaş xalqın nümayəndələri bizim qədər sevinir, sosial şəbəkələr vasitəsi ilə hisslərini
bölüşürdülər. Buna minnətdarlıq rəmzi olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim
bayraqla birgə qaldırılırdı. Nəzərinizə çatdırım ki, Cəmmu və Kəşmir məsələsində də
Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, dövlətimiz problemin beynəlxalq hüquq
çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyir.
Azərbaycan və Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondu və onun
rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərindən də bəhs edib: “Ölkəmizdə və dünyada bir
sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da
sosialyönümlü humanitar işlər görüb. Fondun dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi
diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub.
Bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə
və kiçik laboratoriya ilə təchiz olunub. Təbii ki, qeyd etdiklərim Fond tərəfindən qardaş ölkədə
görülən işlərin sadəcə bir qismidir. Bu möhtəşəm xidmətlərinə görə, Mehriban xanım dəfələrlə
Pakistanın ali mükafatları ilə təltif olunub”.

“Prezident İlham Əliyevin qardaş ölkəyə budəfəki – iyulun 11-də gerçəkləşən səfəri
mövcud münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb edir. Öncə onu
deyim ki, dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi
Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Azərbaycan
Prezidentinə olan xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Səfər çərçivəsində keçirilən
məhdud və geniş tərkibdə görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan sənədlər
ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi
təsir edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatla çıxışı
zamanı ölkəmiz barədə, Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirləri, iki
ölkənin dostluğunun səviyyəsini əks etdirən ifadələr, həqiqətən də, qürurvericidir. Prezident
İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə
iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Eləcə
də beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri
xüsusi olaraq qeyd olundu. Bu, onu göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud və
yeni əlavə olunmuş istiqamətlər üzrə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Hafiz Məmmədov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçisi


21:10 13.07.2024