KANAL24.AZ
Az Iw En Ru

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək Qarabağ Bəyannaməsi

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.  Bu
fikri Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının
qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz böyük coğrafi məkanı
əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş
meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir
infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri,
zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə
sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı
əsri olmalıdır”.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının
gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk
dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc
mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdə davam edir.
Prezident İlham Əliyev Şuşada imzalanan  Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların
Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha
da gücləndirəcəyini əminliklə vurğulayıb. Qeyd edək ki, Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin
əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanıb.
Keçən il sentyabrın 20-də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa
edəndən sonra Şuşanın 2021-cilə “Azərbaycanın mədəniyyət paytaxtı”, TÜRKSOY tərəfindən 2023-cü
il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam
dünyasının mədəniyyət paytaxtı” elan edildiyini, Şuşada keçirilən bu Zirvə görüşünün rəmzi məna
daşıdığını vurğulayan Prezident İlham Əliyev Qarabağın tacı sayılan Şuşa şəhərinin həmişə
Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu,
amma müəyyən müddət erməni işğalında inlədiyini  bir daha xatırladıb: “2020-ci il noyabrın 8-də
Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur
olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər
Günü kimi qeyd edilir”. Dövlətimizin başçısı bu istiqamətdə türkdilli ölkələrin mənəvi dəstəyinin
olduğunu da bildirib.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğuna
diqqət çəkən Prezident İlham Əliyev bu abadlıq-quruculuq işlərinə türkdilli ölkələrin də töhfə verdiyini
vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya, Füzuliyə, Zəngilana və Cəbrayıla, Özbəkistan və
Qazaxıstan prezidentlərinin Şuşaya və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuliyə və Ağdama
səfərlər etdiklərini xatırladan dövlətimizin başçısı, həmçinin  qardaşlığımızın rəmzi olan məktəb və
yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət
başçılarına bir daha təşəkkürünü çatdırıb.
Dövlətimizin başçısı bir məqama da toxunub: “Türk Dövlətləri Təşkilatının cari büdcəsi və
strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə,
Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait
köçürmüşdür”. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda
duran prioritet məsələlərdən biri olduğunu da qeyd edib. Dövlətimizin başçısı, həmçinin Orta Dəhlizin
ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə
sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırıldığını, Xəzər dənizində 50-dən çox ticarət
gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini də diqqətə
çatdırıb.
Çıxışının sonunda  bu il Azərbaycanda keçiriləcək  COP29-dan söz açan dövlətimizin başçısı
bu tədbirin Bakıda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz
nümunəsi kimi dəyərləndirib: “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi
təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin
gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.
Qeyd edək ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ
Bəyannaməsinin imzalanması mərasimi ilə başa çatıb.
Asif Əliyev,
Sabirabad Aqrokimya laboratoriyasının müdiri


18:50 08.07.2024