Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə
Prezident İlham Əliyev bir sıra mühüm məqamlara diqqət çəkdi. Ölkə başçısı çıxışında bildirdi
ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə
Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü
möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə
Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının
əsasını qoydu.
Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, təxminən 200 ölkənin yekdil dəstəyi
ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi
əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq
razılaşmanın əldə edilməsinə çalışacağıq. Ölkəmiz inkişaf etməkdə olan kiçik ada dövlətləri
üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın
prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə
ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.
Ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilmiş və dünya üçün mühüm
təşəbbüslərlə çıxış edən ölkədir. Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrin sayının
artması da bu deyilənləri sübut edir. Artıq ölkəmiz ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq
Təşkilatının Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər
arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə
Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə, Şanxay Əməkdaşlıq Təşkilatına
üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat
infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika
qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-
Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon
tondan 5 milyon tona qədər artıb. Ölkəmiz tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması
üzərində işləyir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm
rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil
infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin
ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm
30 milyon tona çatdırılacaq.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru