Prezident İlham Əliyevin təkcə kəmiyyət deyil, yeni strateji hədəflərin
müəyyənləşdirilməsi baxımından da cəlbediciliyini qoruyan Şanxay Əməkdaşlıq Təşkilatının
Astana Zirgə görüşündə iştirakı dünyada sülhün, regionda sabitliyin qorunmasında maraqlı
olan Azərbaycana artan marağın, oxşar dəyərlərə sadiqliyin ifadəsidir
Müstəqilliyini bərpa etdikdən sonra suveren ölkə kimi, xarici siyasətini dövlətçilik
mənafeyini və milli maraqlarını qorumaqla bütün dövlətlərlə, nüfuzlu təşkilatlarla qarşılıqlı
əməkdaşlıq, beynəlxalq hüquq normalarına ehtiram, qonşuların suverenliyi və ərazi
bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran və ənənəni
sədaqətlə davam etdirən Azərbaycan dünya siyasətinin aktual problemlərinin, regional
məsələlərin həllində, önəmli təşəbbüslərdə iştirakı ilə də fərqlənir, Cənubi Qafqazda sabitliyin
qarantı kimi tanınır. Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunan ölkəmiz NATO və
Avropa təsisatları ilə də əməkdaşlığı qarşılıqlı münasibətlər, eləcə də anti-terror koalisiyası
tərkibində davam etdirir.
Hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq
əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, Avropa dövlətlərinin enerji
təhlükəsizliyinə töhfə verən qüdrətli güclü aktor, regional güc mərkəzi kimi qəbul edilir,
sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Beynəlxalq əlaqələrini
genişləndirən ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyası Azərbaycanın geniş coğrafiyanı
əhatə edən diplomatiyasının dəstəklənməsidir.
Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin
möhkəmləndirilməsində, iqtisadi inkişafın gücləndirilməsində , ictimai-siyasi tarazlığın
qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə daha böyük
vəzifələr düşdüyü müasir dünyamızda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son illərdə
beynəlxalq arenada nüfuzunun artması quruma maraqdan qaynaqlanır. Əsas fəaliyyət
istiqamətlərindən olan regional təhlükəsizliyin təmin edilməsi, terrorizmə, separatizmə və
ekstremizmə qarşı mübarizədə fəal rol oynayan təşkilat “Terrorizm, separatizm və
ekstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyasının
tələblərindən irəli gələn prinsiplər əsasında fəaliyyətini uğurla davam etdirir. İqtisadi güc
mərkəzinə çevrilmək naminə səylərini artıran ŞƏT-in «Böyük yeddiliyin” alternativi»
adlandırılması da təsadüfi deyil.
Dünyada sülhün, bölgədə sabitliyin tərəfdarı olan Azərbaycanın Şanxay Əməkdaşlıq
Təşkilatı ilə əlaqələrə böyük önəm verməsi oxşar dəyərlərə sadiqliyin göstəricisidir. ŞƏT-də
dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da
dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır.
Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Orta Dəhliz layihəsinin
əsas tərəfdaşlarından olması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi,
malik olduğu əlverişli nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da
artırır.
Zəngəzur dəhlizinin açılmasında maraqlı olan ŞƏT-ın ölkəmizlə əməkdaşlığa böyük
önəm verməsi quruma daxil olan dövlətlərin xarici siyasətinə, nəqliyyat–logistika sferasının
genişlənməsinə də uyğundur. ŞƏT-in Səmərqənddə keçirilən Sammitində dəhlizlə bağlı
fikirlərini «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da
artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri ilə ifadə
edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri Cənubi
Qafqazda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını da
bildirib. ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır.
Təsadüfi deyil ki, təşkilata Qərb dövlətləri tərəfindən də maraq artmaqdadır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün
Prezident İlham Əliyev iyulun 3-də Astanaya səfəri münasibətləri daha da genişləndirib.
Xəbər verildiyi kimi, «ŞƏT+» formatında keçirilən toplantıda 16 ölkənin dövlət və hökumət
başçıları iştirak ediblər. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət
olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında güclənən
nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. «Çoxtərəfli
dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq»” mövzusuna həsr
olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari,
mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları
müzakirə edililib. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi imzalanıb ki, bu sənəd ŞƏT-in
bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyaraq təşkilatın fəaliyyətini qiymətləndirib
və gələcək üçün istiqamətləri müəyyənləşdirib.
Dövlət başçımızın bu cür nüfuzlu beynəlxalq platformada növbəti dəfə iştirakı
ölkəmizin sülh, sabitlik, tərəqqi, dini radikalizmə, beynəlxalq terrora qarşı mübarizədə
qətiyyətlə davam etdirdiyi siyasətə tam uyğundur. Daha dəqiq ifadə edilsə, təşkilata üzv
dövlətlərlə ikitərəfli əməkdaşlığa böyük önəm verən Azərbaycanın bu Sammitdə iştirakı
ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam
etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin
arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə
əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və
Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz
Azərbaycanın təşəbbüsü, sərmayələri hesabına reallaşıb. Bu amil Orta Dəhlizin önəmini
artırmaqla yanaşı, geniş ərazini əhatə edən ölkələr arasında əməkdaşlığın inkişafı
baxımından unikal imkanlar təqdim edir.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun
Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz
qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir.
Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün
sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi