Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan
ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli
liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər
Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli
ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı
Qüvvələri Günü kimi bayram edilir.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi,
ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin
torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də
mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına,
gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər
nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan
azad edildi. 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində
Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya
nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni
zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ
kimi öndə saxlayır.
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-
cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20
avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik
Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu
gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və
qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının
nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit
birliyə çevrilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin
təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli
Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali
Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi
bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız
əzəmətlə dalğalanır.
Tamam Bağırlı,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi, fəal gənc