KANAL24.AZ
Az Iw En Ru

106 yaşlı qalib Azərbaycan Ordusu

Azərbaycan Ordusunun 106 yaşını qeyd etməyə sayılı günlər qaldı. Ordumuzun
yaranmasının çox şərəfli tarixi var. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
qərarı ilə 1918-ci il iyunun 26-da  ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan
korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”ndə qeyd
edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmənləri
zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini
yaratmalıdır.
Beləliklə də, hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli
sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə
Xosrov bəy Sultanov təyin edildi. Ardınca, dekabrın 25-də general Səməd bəy
Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin
olundular.
Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları
yatırtdı, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini
darmadağın etdi. Onu da qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə
Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
Ordusunun yaradılması haqqında qərar qəbul edilir. Lakin o dövrün məlum
səbəblərindən, həmçinin  müstəqilliyin ilk illərindən Ermənistanın ölkəmizə hücumu,
törətdiyi qətliamlar  ordu quruculuğu işini dərindən sarsıdır.  Nəticədə düşmən 20 faiz
torpaqlarımızı işğal etməyə nail olur.
Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğu işinə xüsusi önəm
verir. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-dən 6-na
keçən gecə uğurlu əməluyyat  həyata keçirir və Füzuli rayonunun 20 kəndi, Horadiz
qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilir. Ordu
quruculuğu işinə böyük önəm verən Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına
əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olunur.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğu prosesi 
tamamilə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi
heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı
Qüvvələrimizin ən müasir silah və texnika ilə təchiz olunması yönündə ciddi işlər
görüldü və qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli
ordusuna çevrildi. “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı
hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında
yer alır.
Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Belə ki, aprelin
2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-
hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.
Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə
də, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə tarix yazdı. Ermənistan silahlı
qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl
istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri azad
etdi.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların
qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin
ən şanlı qələbəsinin sevincini yaşatdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan
Ordusunun qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində
mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu

düşmənə sarsıdıcı zərbə vuraraq, çox qısa bir zamanda, 44 gün ərzində – noyabrın 9-
dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti
ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş
naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların
tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq,
noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları
Azərbaycana təhvil verildi.
Bir günlük local antiterror tədbirlərinin nəticəsi kimi 2023-cü il noyabrın 8-də
Xankəndidə hərbi parad keçirildi. Paradda çıxış edən Prezident, Ali Baş Komandan
İlham Əliyev qeyd edib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş
meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli
torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik
tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində
apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq
dastanıdır. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və
kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər
gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu
Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da
böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı
Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər
də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz
ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri


23:30 24.06.2024