KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj
yayımlanıb.Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində
37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Tədbir artıq 30 ildir keçirilir.
Birinci tədbir hələ 1994-cü ildə təşkil olunub. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin
müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal
mahiyyətini və gücünü nümayiş etdirir.
Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını alıb. Sonra Azərbaycan
bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji
Həftəsinə çevrilib. Qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə - neft, təbii qaz və indi isə
yaşıl enerji sahələrində uğurları görünür.
Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi
yaratmaqdır. Azərbaycan COP29 zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə
elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı
iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan
nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün
cəlbedicidir. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən
ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu.
Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün
müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.
Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri
hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə
keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin
“ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran
digər ölkələrin bir çox şirkətləri var. Hazırda dövlətimizmilli enerji şəbəkəsini
gücləndirir.Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında
olmalıdır. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu
səbəbdən əsas hədəf ixracdır.
Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki,
elektrik enerjisi maksimum istehsal olunsun.Təbii qaza qənaət edilsin ki, o, əsasən indi
Avropaya lazım olan qaydada nəql olunsun.
Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş
enerjisi perspektivlərini, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır. Azərbaycan
ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən
keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa
ölkələrinə yardım göstərir. Ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da mühüm töhfə
verir. Respublikamızın həm quruda, həm də dənizdə “yaşıl enerji”nin, xüsusən külək
enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji
texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən
mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və bir çox enerji idxal
edən ölkələrə tullantıların azaldılması yolunu tutmağa kömək göstərdiyi sahədir. Böyük
həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa
çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl
imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub
Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan
verəcək.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


13:24 23.06.2024