KANAL24.AZ
Az Iw En Ru

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqq-ədaləti,
beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, parlaq  zəfəri ilə heç zaman unudulmayacaq
tarix yazdı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr, Şuşanın işğaldan azad
olunduğu gün Zəfər Günü kimi təsis olundu.
Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurlu
davamı xüsusi qeyd edilir. Dünyaya birlik, həmrəylik nümunəsi olan Azərbaycan- Türkiyə 
münasibətlərində  yeni bir mərhələnin əsasını qoydu.   Bu yeni mərhələnin başlanğıcı qardaş
ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində azad Qarabağa
reallaşdırdığı ilk səfər çərçivəsində Şuşada dövlət başçısı İlham Əliyev ilə birgə imzaladığı
Şuşa Bəyannaməsi oldu.  Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir. Bu sənəd
Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini
əhatə edir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən
bir mesajdır. Bu günlər bizlər bu tarixi sənədin imzalanmasının üçüncü ildönümünü böyük
qürurla qeyd edirik. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və
əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə
də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən
əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış
sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan,
milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata
keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi
mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və
qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar
arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı
illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-
Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın
aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan
təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji
xəritəsini yenidən tərtib etdi.
Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə
əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu
və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol
açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan
erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə
xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini
tapıb. Xatırladaq ki, XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev
demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Qars müqaviləsindən yüz il sonra – 15 iyun 2021-ci ildə iki qardaş ölkə arasında
imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi,
siyasi  və hərbi-strateji əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin imzalanması mərasimində
Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib:
“Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən
sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim
gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini
tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət
əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə
olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir
məsələ çox böyük önəm daşıyır”.

Bəyannamə həmçinin Ermənistana və onun havadarlarına ciddi mesajdır: Şuşa Bəyannaməsi
ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə
təhdid kimi halların baş verməsi şəraitində ordusu ilə ölkəmizin yanında yer alacağını
beynəlxalq birliyin diqqətinə çatdırır. 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, növbəti il
isə Şuşa Bəyannaməsini imzalayan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib
Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə
almağa qadirdir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də
ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə
strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin
iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin
daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Ümumilikdə Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyəti
baxımından qardaşlığın yeni tarixi mərhələsidir.
Yusif Məmmədov,
Sabirabad rayonu, Meşələrin bərpası və mühafizəsi idarəsinin rəis əvəzi


09:39 15.06.2024