Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında
mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür
münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud
ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu
mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır.
Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən
məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra
sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən
Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji
tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir.
Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət»
tezisinə əsaslanır. Eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara
malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait
yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət
göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars
dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin
möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf
etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın
dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş
etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət
başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi
üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da
müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın
qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər
olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin
siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi
mühüm mesajdır.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində
Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və
mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə
tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə
qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və
tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni
mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki
qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm
müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər
hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət
və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti
nəzərdə tutulur.
Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan
Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə
onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul olmuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin
yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant
kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir.
İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.
Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai
birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra
ölkədə fəaliyyət göstərən 48 siyasi partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə
bəyanatla çıxış etmiş və bu sənədin dəstəklədiklərini bəyan etmişlər.
Həmçinin 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə
Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün
sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət
rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də
iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Bu konfrans da iki qardaş ölkə
arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsinə bir töhfə olmuşdur.
Seyidrza Qubadov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçisi