KANAL24.AZ
Az Iw En Ru

Şuşa Bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin zirvəsidir

2021-ci ilin iyunun 15- də məhz Qurtuluş Günündə Türkiyə və Azərbaycanın tarixi
köklərdən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri müttəfiqlik səviyyəsində Şuşa
Bəyannaməsi ilə bir daha rəsmiləşdi. Müasir geosiyasi şəraitdə etibarlı strateji müttəfiqi olan
Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi
Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir
millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dostluğu bu gün hər iki ölkə
rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək
səviyyəyə çatıb və çoxşaxəli sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçib.
Təbii ki, Ulu Öndərin xarici siyasətində önəmli tutan Türkiyə ilə münasibətlərin
inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən
daha da inkişaf etdirilir. Hərbi, iqtisadi və siyasi əməkdaşlığın bütün sahələr üzrə dönmədən
genişlənməsi Prezident İlham Əliyevlə Prezident  Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası
səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin
əməli göstəriciləri, mühüm nəticələridir. Türkiyə müxtəlif beynəlxalq tədbirlərdə həmişə
birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin qarşıya çıxan
problemlərinin həllində qardaş ölkəyə qeyd-şərtsiz dəstək verməyin əsl örnəyini nümayiş
etdirmişdir.
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar,
həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin
əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün yeni bir sənədin ortaya qoyulması
zərurətini doğurmuşdu. Bu reallıqlar, eyni zamanda, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki
türk dövlətinin gələcək inkişaf üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı
müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu
baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa
Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı
münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran, regionda mövcud siyasi-iqtisadi
münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin demək olar
ki, bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş
ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə
ifadə edir. Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac
yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin
təşkil olunması nəzərdə tutulub. Bu, hərbi gücümüzün birləşdirilməsi deməkdir. Sənəd, eyni
zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq
yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini,
müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət
mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və
sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və
qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir. Bəyannamədə Azərbaycan-
Türkiyə hərbi əməkdaşlığının inkişafını nəzərdə tutan ən mühüm müddəalardan biri isə dəniz,
hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinin həyata keçirilməsi ilə
bağlıdır.
Bəli, məhz iki qardaş xalqa yeni inkişaf tendensiyası bəxş edən Şuşa Bəyannaməsi
doğmalıq münasibətlərini yeni bir mərhələyə qaldırdı. Yəni, bir sözlə, bu sənəd Türkiyə ilə
Azərbaycan birliyini əbədiləşdirdi. Regionda və dünyada baş verən son hadisələr də
Bəyannamənin nə dərəcədə önəmli olduğunu bir daha sübut edir, eyni zamanda, iki ölkə
arasındakı müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
Şamama Əbilova,
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı


07:38 15.06.2024