2021-ci liin 15 iyununda qədim Şuşamızda Azərbaycanla qardaş Türkiyə arasında
imzalanan Şuşa Bəyannaməsi hər iki dövlətin müttəfiqliyinin beynəlxalq əhəmiyyətini daha da
artırır. Təbii ki, bu sənəd ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və iki
ölkə arasında əlaqələrə yeni imkanlar yaradır.
Şuşa Bəyannaməsinin icrası bir çox sahələri, o cümlədən işğaldan azad olunmuş
ərazilərin yenidən qurulmasını da gündəmə gətirir. Eyni zamanda, bu sənəd regionda yeni
iqtisadi münasibətlərin formalaşmasına da səbəb olacaqdır. Yəni, Şuşa və Şuşa ətrafının
əsrarəngiz turizm potensialından geniş istifaədəyə şərait yaranacaqdır.
Bundan başqa, ölkəmizin geosiyasi planında olan Zəngəzur dəhlizi böyük iqtisadi
əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə
biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və
avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilməklə geosiyasi əhəmiyyətə
malik olan nəqliyyat layihəsi olacaqdır. Beləliklə də Şuşa Bəyannaməsi bölgədə inteqrasiya
proseslərini də aktuallaşdıracaqdır.
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar,
həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin
əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün yeni bir sənədin ortaya qoyulması
zərurətini doğurmuşdu. Bu reallıqlar, eyni zamanda, bir-birinə ayrılmaz tellərlə bağlı olan iki
türk dövlətinin gələcək inkişaf üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı
müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu
baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa
Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, iki ölkə arasındakı
münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran, regionda mövcud siyasi-iqtisadi
münasibətlərin təməlini qoyan mühüm sənəddir. Azərbaycan-Türkiyə əlaqələrinin demək olar
ki, bütün sahələrdə inkişafının yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsi xüsusilə iki qardaş
ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini daha dəqiq şəkildə
ifadə edir.
Şuşa Bəyannaməsində konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac
yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin
təşkil olunması nəzərdə tutulub. Bu, iki qardaş ölkənin hərbi gücünün birləşdirilməsi deməkdir.
Sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun
olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy
göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə
yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir
texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu
məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir.
Bir sözlə, hər iki qardaş xalqa yeni inkişaf tendensiyası verən Şuşa Bəyannaməsi
Türkiyə ilə Azərbaycanın möhtəşəm birliyini əbədiləşdirdi. Eyni zamanda, regionda və
dünyada baş verən son hadisələr də göstərdi ki, Bəyannamə vaxtında imzalanmış tarixi
sənəddir.
Rəcəb Cəfərov,
Sabirabad Regional Poçt filialının müdiri