KANAL24.AZ
Az Iw En Ru

Şuşa bəyannaməsinin imzalanmasından üç il ötür

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik
münasibətləri haqqında Bəyannamənin imzalanması iki qardaş dövlət arasındakı əlaqələrin
indiki şərait üçün zirvəsidir.
Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar
ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi
əməliyyatları uğurla başa çatdıran, “dəmir yumruq”la düşmənin başını əzən, işğalçı ölkənin
ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik
səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi
ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə
cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır. “Bu bəyannamədə göstərilən
bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyən Azərbaycan Prezidenti
İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə
yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər
kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa
səslədi. Bu, böyük bir tarixi nailiyyət idi. Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən
müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm
imzalar idi.
Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil,
sosial, gənclər və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna
olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib. Bəyannamədə bu
bəndin vurğulanması da təsadüfi deyil: “Azərbaycan Respublikası Türkiyə Respublikasının
suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və
təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və
təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni
qətiyyətlə dəstəkləyir”. Digər tərəfdən, iki türk dövlətinin münasibətlərini siyasi dialoq üzərində
qurmaları Cənubi Qafqazın geosiyasi mənzərəsinə əməkdaşlıq və təhlükəsizlik aspektlərində
yeni ruh verir. Bu tezisin konkret təzahürləri Bəyannamədə mövcuddur.
Azərbaycan və Türkiyə bu mənzərəni qonşuları təhdid etməklə, onların maraqlarına
toxunmaqla, dağıntılarla, inkişaf yollarını qapamaqla deyil, əksinə, geniş bir əməkdaşlıq
ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla,
abadlıqla, quruculuqla formalaşdırır.
Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu
dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar
olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə
reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı
fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş
yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın
yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir. Ərazilərimiz azad
edildikdən sonra bərpa və quruculuq işlərinə start verildiyi ilk günlərdən Azərbaycan
Prezidenti İlham Əliyev bu layihələrdə yaxından iştirak üçün bütün dost ölkələrə çağırış
etmişdi. Bu məsələdə də səsimizə səs verən ilk ölkə məhz Türkiyə Respublikası oldu.
Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri
oynayır. 
Şuşa bəyannaməsinin imzalanmasından üç il ötür. Dünyada baş verən hadisələr illər
ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Bu, adi regional
anlaşma deyil. Şuşa bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın,
xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni
münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal
əhəmiyyətini də göstərdi.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri


19:37 14.06.2024