KANAL24.AZ
Az Iw En Ru

Şuşa Bəyannaməsi – regional təhlükəsizlik və dünyaya həmrəylik nümunəsi

Müasir şəraitdə Azərbaycanın etibarlı tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin
möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib
hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm,
təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri
ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla
inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə
çatmasına səbəb olub.
44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu tarix yazdı, 30 ilə yaxən düşmən tapdağı altında olan torpaqlarımızı, o
cümlədən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini
işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli
Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də
taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da
uğurlarını şərtləndirdi.
2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan
Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və
bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin
prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, həmin vaxtdan 100 il bundan əvvəl
imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir.
Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa şəhərində 2021-ci il iyunun 15-i tarixində,
düz 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamədə iki qardaş və dost
dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətləri göstərilir. Bu tarixi sənəddə bir çox
mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində
əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Tərəflər xarici siyasət
sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata
keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin
əhəmiyyətini vurğuladılar.
Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri
əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəddə həm tarixi, həm siyasi,
həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks
olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir.
Bununla da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə
olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı,
xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə
yazıldı.
Həsən Hüseynov,
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru


17:36 14.06.2024