KANAL24.AZ
Az Iw En Ru

Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun

15 iyun Azərbaycan tarixinin ən əzəmətli, şanlı səhifələrindən biridir. Məhz həmin gün
xalqımızın təkidli tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev
Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycan dərin ictimai-siyasi və iqtisadi
böhrandan, xaos və anarxiyadan, dövlətçiliyimiz isə məhv olmaqdan xilas oldu.
Umümilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş verən
sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya
prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin
qurulmasında həlledici rol oynadı. 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk
olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
1993-cü ilin isti iyun günlərində müstəqilliyini yenicə elan etmiş Azərbaycan ağır, gərgin
dövrünü yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. Həmin vaxt iqtidarda olan
bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım da atmadılar, ən
ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər. Bununla da ermənilər
tərəfindən torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi.
Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni
quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz
idarəçiliyi ölkəni parçalanmaq təhüləkis ilə üz-üzə qoymuşdu. Məhz onların xəyanətkar
əməlləri nəticəsində Azərbaycanın tarixi torpaqları təcavüzkar Ermənistanın silahlı qüvvələri
tərəfindən işğal olunurdu. Danılmaz faktdır ki, Şuşanın təhvil verilməsində, Laçının
müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin ermənilər tərəfindən işğalında
AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi
təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa əldən getsə, başıma güllə
vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal
olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç cınqırı da çıxmadı.
Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda,
ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət
davasına qarışmışdı. 1992-ci ildə ölkədəki faktiki hakimiyyətsizlikdən istifadə edərək silahlı
çevriliş yolu ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü iqtidarda olduğu bir il ərzində
ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu savadsız,
naşı, qaragüruhçu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra müstəqilliyimiz
təhlükə altına düşmüşdü.
Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində xalq ümidini Ulu Öndər
Heydər Əliyevə bağladı, Onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini
Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi,
1994-95-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən
sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Qısa müddətdə ölkədə milli birlik və
həmrəylik bərpa olundu. Cəbhədə vəziyyət dəyişdi. Uğurlu Horadiz əməliyyatı aparıldı.
Ulu Öndər Heydər Əliyev sonralar o ağır günləri belə xarakterizə edirdi: “Azərbaycan
böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə,
zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri
qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın
zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci
ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.
1993-cü il iyunun 15-dən etibarən məhz dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti, xalqın öz
qüdrətli liderini birmənalı şəkildə dəstəkləməsi nəticəsində ölkədə dövlət quruculuğu
sahəsində fundamental addımlar atıldı, mürəkkəb siyasi problemlər həll olunaraq ölkədaxili
sabitlik əldə edildi, sülh və əmin-amanlıq bərqərar olundu. 

Məhz o dövrdə xalqımız iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu
dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas oldu. Bu gün əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycan dövlətinin
tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri
sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi
altında xalqımız sabaha böyük inamla irəliləyir. Qurtuluşdan başlanan yolun uğurlu davamı
nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli
ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu mənada əminliklə demək olar
ki, bu gün 15 iyun tarixi ölkəmiz, xalqımız üçün ikiqat bayramdır.
Bu gün Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı
dövlətinə çevrilib. Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli
layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, dünya birliyində yerinin möhkəmlənməsi
Ulu Öndərin əsasını qoyduğu inkişaf yolunun davamıdır.
Xalqımızın taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki,
ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib. Yeni, müstəqil dövlətçiliyimizin
bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15
İyun-Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Həmin gün
xalqımız, dövlətçiliyimiz, müstəqilliyimiz üçün əsl qurtuluş tarixidir.
Ramin Yahyayev,
Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi


08:35 15.06.2024