15 iyun-Milli Qurtuluş Günü bütün önəmi ilə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir.
Bu möhtəşəm tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol
oynayan, daim xalqına arxalanan və xalqına dayaq olan bir insan –Ulu Öndər Heydər Əliyevdir.
Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki,
1991-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin
müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün
bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan,
siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə
çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Ötən əsrin 90-çı illərinin əvvəllərində Azərbaycan xalqı müstəqillik qazansa da onu qısa
müddət ərzində itirmək üzrə idi. Bəli, həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında
Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri
çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını
qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət
Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və
müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu
istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta
saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan
və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə
gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Ulu Öndər Heydər Əliyev əsl dövlət xadiminə xas müdrik
şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik
durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə
şəxsiyyət Heydər Əliyevdir. Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin qarşısını kəsir,
onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi
informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və iqtidardakılar Ulu Öndərin
Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar, onu qəbul edə bilmirdilər.
Bəli, həmin dövrdə artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək
təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi: dahi dövlət xadimi,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər
Əliyevin Bakıya dəvət olunması... Məhz Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən
ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə
insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması
üçün məhz onun hakimiyyətə gəlməsinin vacibliyini önə çəkirdilər.
Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan
dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni
zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi.
Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi.
Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin
iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət
quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın,
insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ölkəmiz tezliklə
vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər
kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası
qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.
Təbii ki, müasir Azərbyacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi
siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq
neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər
Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir,
inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki
gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi
bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir. İndi biz bölgədə şərtlər diqtə edən qüdrətli bir
ölkənin qürurlu, ləyaqətli vətəndaşlarıyıq.
İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
müdirinin müavini