KANAL24.AZ
Az Iw En Ru

Millətimizin və dövlətçiliyimizin xilası günü

XX əsrin əvvəlində Şərqdə qurulmuş ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. Bunun səbəbi Cümhuriyyətimizin dövlətçilik dayaqlarnın
zəif olması, həmin dövrdə əlverişsiz beynəlxalq vəziyyətin mövcudluğu və imperiya
maraqlarını üstün tutan Rusiyanın işğalçılıq siyasətinə qarşı təhlükəsizlik təminatının
olmaması idi. 70 il SSRİ kimi imperiyanın tərkibində olmuş Azərbaycanda müsbət və mənfi
çalarlarla dolu tarixi hadisələr baş vermişdir. Müsbət hadisələrin əksəriyyəti Ulu Öndər Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə qeydə alınmışdır.
Bu, dahi şəxsiyyətin Vətəninə bağlılığından, millətinə sevgisindən irəli gəlmişdir. 1918-
ci ildə Xalq Cümhuriyyəti elan edilərkən 114.000 km2 əraziyə malik olan Azərbaycanın ərazisi
70 il ərzində 86.600 km2-dək azalmış, tarixi torpaqlarımız əlimizdən çıxmışdır. Sovet
İttifaqının tərkibində olarkən yalnız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə
Vətənimizin bir qarış da olsun torpağı mənfur qonşularımıza hədiyyə verilməmişdir. Bundan
başqa, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın
iqtisadiyyatında sıçrayış baş vermiş, həm sənaye, həm də kənd təsərrüfatında ciddi
nailiyyətlər əldə edilmiş, təhsilin səviyyəsi yüksəlmiş, dövlətçiliyimizin inkişafı istiqamətində
böyük işlər görülmüşdür. Məhz Ulu Öndərin öz Vətəni, milləti üçün gördüyü işlər imperiyanın
maraqlarına zidd olduğu üçün dahi Lider 1987-ci ildə Sovet İttifaqının idarəetməsindən
uzaqlaşdırılmışdı. Bundan sonra Azərbaycana qarşı həm daxildə, həm də xaricdə
kompaniyaya başlanması təsadüfi deyildi. Məqsəd Azərbaycanı yenidən parçalamaq,
Anadolu ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan əzəli torpaqlarımızda ikinci erməni
dövləti yaratmaq, bununla türk dünyasının birləşməsinə əngəl olmaq idi.
Ermənilərin 1988-ci ildə başlayan Qarabağ avantürasının ssenarisi hələ uzun illər əvvəl
yazılsa da, məhz Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bunu icra etmək mümkün
olmamışdı. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyətə gəlmək uğrunda
müxtəlif qrupların apardıqları amansız mübarizə dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-
üzə qoymuşdu. Həmin vaxt xalq öz oğlunu köməyə çağırmış və millətinə, dövlətinə olan
sevgisi Ümummilli Lideri çiynini ağır yükün altına verib ömrünün qalan hissəsini xalqına həsr
etməyə vadar etmişdi. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
ərəfəsində torpaqlarımızın 20 %-i mənfur qonşularımız tərəfindən işğal olunmuş, 1 milyona
yaxın soydaşımız öz dədə baba torpaqlarından qaçqın və məcburi köçkün düşmüş, ölkəmiz
ağır iqtisadi böhrana girmiş, insanların sabaha olan ümidi günü-gündən azalmışdı. Belə ağır
durumda Ulu Öndər zəngin idarəçilik təcrübəsindən istifadə edərək dərhal ölkəmizin ictimai-
siyasi həyatında sabitlik yaratmaq üçün fəaliyyətə başlamış, ilk növbədə qanunsuz silahlı
birləşmələr tərksilah edilmiş, ordu quruculuğu işlərinə başlanılmış, Ermənistanın Azərbaycana
qarşı genişmiqyaslı hücumlarının qarşısı alınaraq Füzuli rayonunun işğal olunmuş bir sıra
kəndləri işğaldan azad edilmiş, 12 may 1994-cü ildə Bişkekdə atəşkəs müqaviləsi
imzalanmaqla işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində
fəaliyyətə başlanılmışdır. Bunu görən xarici düşmənlərimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin
mart ayında iki dəfə dövlət çevrilişinə cəhdlər etdilər, lakin xalq-hakimiyyət birliyi Azərbaycanı
yenidən bəlalara sürükləməyin qarşısını aldı.
20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın qapıları
dünyaya açılmış, ölkəmizə investisiya axını artmaqla xalqın maddi rifah halı yaxşılaşmışdır.
12 noyabr 1995-ci ildə qanunvericiliyin əsasını təşkil edən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edilmişdir. Əsas Qanunda əksini tapmış müddəaların
əksəriyyəti insan hüquqlarına aiddir. Bu da Ümummilli Liderin siyasətində insan amilinin nə
dərəcədə üstünlük təşkil etdiyini sübuta yetirən xüsusatdır. Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin əbədi olması, dövlətçiliyimizin inkişafı, xalqın sosial vəziyyətinin
yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təmin olunub dünyanın güclü ordu sıralarında
özünə yer tutması, gənclərin sağlam ruhda böyüməsi, idmanın, mədəniyyətin, təhsilin,
səhiyyənin tərəqqisi və bütün digər sahələrdə inkişafın baş verməsi istiqamətində həyata
keçirdiyi siyasəti Onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

uğurla davam etdirmiş, nəticədə 8 noyabr 2020-ci ildə Şuşada Azərbaycan Respublikasının
üçrəngli, ay-ulduzlu Bayrağı dalğalanmaqla həmin gün tariximizə Zəfər Günü kimi düşmüşdür.
Bu gün Azərbaycan Respublikası dünya dövlətləri arasında öz nüfuzunu artırmaqla,
müstəqil siyasət yürüdən, sülhsevər, heç bir hərbi alyansın üzvü olmayan, etibarlı dövlətdir.
Təsadüfi deyil ki, son 3 ildə Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təsisatı olan, 120
dövlətin üzv olduğu Qoşulmama Hərəkatına 4 il sədrlik etmişdir. Bütün bunlar dahi şəxsiyyət
Heydər Əliyevin zəhməti hesabına yaranmış dövlətçilik ənənələrinin nə qədər güclü təməl
əsasında qurulduğunu və bu dövlətin əbədi olacağını göstərir. Hər bir Azərbaycan vətəndaşı
müstəqil, çiçəklənən Azərbaycan Respublikasının mövcudluğuna görə Ümummilli Lider
Heydər Əliyevə və onun layiqli davamçısı, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə borcludur. Qurtuluşun mübarək, Azərbaycan!
İkram Allahverdiyev,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi


08:32 14.06.2024