KANAL24.AZ
Az Iw En Ru

Müstəqillik tariximizin dönüş nöqtəsi

Azərbaycan xalqının tarixi əlamətdar hadisələrlə zəngindir. Belə hadisələrdən ən
önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. 1997-ci ildən qeyd
olunan bu bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. Milli Qurtuluş Günü Azərbaycan
xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir
gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi quran isə Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol
oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Tarixə nəzər saldıqda görürük ki, müstəqilliyin ilk illərində xaos, iqtisadi və siyasi
böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdə ümidsizlik
ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Ölkədə müxtəlif siyasi partiyalar,  ayrı-ayrı “liderlər”
arasında hakimiyyətə gəlmək uğrunda savaş gedir və əksər hallarda da bu savaşda milli
maraqlar qurban verilirdi. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyü qeyri-qanuni yolla
hakimiyyətə gəlməyə nail oldu. Həmin dövrdə bir tərəfdən AXC-Müsavat iqtidarının
səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə
Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının
köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Məntiqsiz, bir-
birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, özbaşınalıqlar AXC-Müsavat iqtidarının
ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı
birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi
təhlükəsi ilə üz-üzə qoydu.  Artıq bir sıra ərazilərdə, o cümlədən Gəncədə, Lənkəranda və
digər regionlarda bəzi silahlı dəstələr separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe
olmadıqlarını bildirirdilər.
Həmin qarışıq dönəmdə ölkənin idarəçiliyinə gəlmək böyük məsuliyyət idi. Məhz xalqın
təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev respublikada vəziyyətin kritik dərəcədə ağır
olmasına baxmayaraq, ölkəyə idarəçiliyin məsuliyyətini öz üzərinə götürməyə qərar verdi. Ulu
Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər
Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin ayın 24-dən etibarən isə  Milli Məclisin
qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan
Respublikasının Prezidenti seçildi.
Ümummilli Liderin xalqın yekdil seçimi əsasında Azərbaycanın siyasi hakimiyyətinə
qayıdışı ilə həris “liderlərin” hakimiyyətinə son  qoyuldu. Azərbaycanın sabitlik və inkişafla
səciyyələnən qurtuluş tarixi başladı. Ulu Öndərin Azərbaycanın siyasi hakimiyyətinə
qayıdışının tarixi önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib: “1993-cü il tariximizdə
dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-
1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən
idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq
Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu
kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Dahi dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü. Qısa
müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət
quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda, iqtisadi sahədə mühüm
addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə Azərbaycanın
iqtisadi inkişafını şərtləndirən layihələr həyata keçirilməyə başlandı.
Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-
Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal
iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək
uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz
layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi
tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.
Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir
hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə çox qısa

müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi
uğurlar qazandı.
Bəli, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür. Qurtuluş Günü
Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma
təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ulu
Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə
dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını
müəyyənləşdirdi. Prezident İlham Əliyevin dediyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın
müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız
müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü
Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Bu gün Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarını layiqincə həyata
keçirən Prezident İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı
olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına
həsr etmişdir. Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam
etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ulu Öndərin
ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Nəhayət ki, bu gün Şuşada, Laçında,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə
üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün
Prezident İlham Əliyevin liderliyi ilə özünün ən güclü və qüdrətli dövrünü yaşayır. Qazanılan
bütün nailiyyətlərin əsasında isə Qurtuluş məfkurəsi dayanır.
Hafiz Məmmədov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçisi


07:29 14.06.2024