KANAL24.AZ
Az Iw En Ru

Qafqazdan Afrikanın şimalına dostluq körpüsü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına
rəsmi səfəri siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.
Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə
verəcəyinə şübhə yoxdur. Qahirədə dövlət başçılarının görüşlərinin nəticəsi olaraq imzalanan
sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri
hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların
vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.
İyunun 8-də Qahirədə Azərbaycan–Misir dövlət sənədlərinin imzalanması mərasimi
olub. Mərasimdə 7 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Misir
Prezidenti Əbdülfəttah əs-Sisi mediaya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin
səfərinin ikitərəfli əlaqələri gücləndirəcəyini qeyd edib. “Misir Cənubi Qafqazda sabitlik və
sülhün bərqərar olmasına sadiqdir”, – deyən Əbdülfəttah əs-Sisi Azərbaycanı COP29-a
evsahibliyi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan
danışıqların iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini
vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı
Əbdülfəttah əl-Sisini COP29-a dəvət edib.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, beynəlxalq məsələlər istiqamətində
ölkələr arasında fikir ayrılığı yoxdur və Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu
ki, bütün beynəlxalq məsələlərdə fikrirlər üst-üstə düşür. Hər iki dövlər beynəlxalq təşkilatlar
çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində fəal əməkdaşlıq edirlər və Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində
Qoşulmama Hərəkatına sədrlik edib.
Dövlər başçısı bildirib ki: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil
Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman
diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır –
müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.”
Azərbaycanın nəinki bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyi sahəsində
oynadığı önəmli rolu, transmilli nəqliyyat qovşağının üzərində yerləşməsi rəsmi Qahirənin
diqqətindən yayınmır, onu xarici siyasət prioritetlərinə müəyyən korrektələrə sövq edir.
Dünyanın “yaşıl enerjiyə” keçidlə bağlı çağırışlarına Bakının fəal şəkildə qoşulduğu indiki
məqamda Misirin Azərbaycanla ikitərəfli münasibətləri nəzərdən keçirmək, Azərbaycanın
müəllifi və iştirakçısı olduğu qlobal layihələrə qoşulmaq istəyi təbii qəbul olunmalıdır. Misirin
belə bir istəyi ölkəmiz üçün də maraq kəsb edir. İnanırıq ki, ikitərəfli əməkdaşlığın yeni
müstəvidə inkişafının nəticəsi olaraq, rəsmi Qahirə Azərbaycan–Ermənistan münasibətlərinə
yanaşmada neytral mövqeyini ölkəmizə dəstək mövqeyi ilə əvəzləyəcək. Rəsmi Bakının
hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və cənab Prezidentin Qahirə səfəri bu yöndə
uğurlu perspektivdən xəbər verir.
Bu gün Azərbaycan–Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub. Bakı ilə Qahirə arasında intensivləşən təmaslar, dünən imzalanan sənədlər hər iki
xalqın milli maraqlarına cavab verir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın
sürətlə genişləndirilməsi baxımından yeni imkanlar yaradır, ölkələrimiz arasında
münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğundan xəbər verir. Bu baxımdan,
Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın
dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamofobiya meyillərinin
gücləndiyi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq miqyasda özünü
göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. İslam
həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli,
həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu kontekstdən yanaşanda
Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Bu gün misirli iş adamlarının Azərbaycanda fəaliyyəti çoxşaxəlidir. Paytaxt Bakıda və
bölgələrdə ticarət, sənaye, eləcə də xidmət sahələrində Misir sərmayəsi ilə 10-dan çox şirkət

fəaliyyət göstərir. Bundan başqa, enerji daşıyıcıları sahəsində ikitərəfli əməkdaşlığın da
istiqamətləri genişdir. Həmin əlaqələrin daha da genişləndirilməsi üçün müvafiq tədbirlər
həyata keçirilir. Neçə illərdir ki, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə yaxından əməkdaşlıq
edir. İkitərəfli əlaqələr turizm sahəsində də inkişaf edir. Rəsmi statistikaya əsasən, son beş
ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla
Misir arasında humanitar, sosial xarakterli bir sıra mühüm layihələr həyata keçirilir.
Hazırda bəzi ərəb dövlətləri, o cümlədən Misir və İraq uzun illərdir mina problemindən əziyyət
çəkir. Azərbaycan da Qarabağ torpağını mənfur qonşuların “yeraltı” müharibəsinin
fəsadlarından – minalardan təmizləməklə məşğuldur. Azərbaycan bu problemə beynəlxalq
ictimaiyyətin diqqətini daha çox yönəltmək istiqamətində Misirlə yaxından əməkdaşlıq etməyə
hazırdır. Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfərində müzakirə edilən məsələlərin
siyahısında bu mövzu da yer alıb.
Gülgəz Məlikova,
Sabirabad Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi


06:54 11.06.2024