Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya
ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara
əsaslanan əlaqələr qurub. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban
dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə
yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü
Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb.
Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb
Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi
qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin Qahirədə
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə
görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-
Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı
əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Səfər zamanı Qahirədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya
və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma
Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
(AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu
(GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi
arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.
Görüşdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər
sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti
iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər
etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd
vurğulandı. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin
Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə
iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat
Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Bu gün Azərbaycan-Misir münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması
hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün
böyük potensial var Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri
ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə və bu istiqamətdə yeni uğurların əldə
edilməsini şərtləndirir.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi