Son vaxtlarda Prezident İlham Əliyevin mütəmadi olaraq bir sıra ölkələrə rəsmi
səfərlərə getməsi, ikitərəfli və çoxtərəfli platformalarda mühüm görüşlər keçirməsi, aktual
müzakirələr aparması Azərbaycanın xarici siyasətinə xüsusi dinamizm gətirib. İnkişaf edən
Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi
dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha
geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas
faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz
ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Ölkəmiz İslam
dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən
genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik.
Azərbaycan tərkibində çoxlu sayda ərəb dövlətinin də təmsil olunduğu Qoşulmama
Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və ötən illərdə qurumun fəaliyyətində
yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük
uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib.
Sonradan üzv dövlətlərin xahişi ilə ölkəmizin QH-na sədrliyi daha bir il uzadılıb. Ölkəmiz
Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməklə onun məqsəd və məramlarının təşviq
olunmasına, funksionallığının artmasına, nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib.
Zəngin resurslara malik ərəb dövlətləri ilə əməkdaşlığın iqtisadi perspektivləri də böyükdür.
Yaşıl enerji seqmenti üzrə imzalanan sənədlər və respublikamızda reallaşdırılan layihələr bir
daha təsdiqləyir ki, ərəb dövlətləri ölkəmiz üçün zəngin investisiya mənbəyi qismində çıxış
edə bilərlər. Eyni zamanda, ərəb dövlətləri geniş bazardır. Hazırda dünyada bazarlar uğrunda
ciddi rəqabət gedir. Azərbaycanın Körfəz ölkələrinə böyük həcmlərdə ixrac imkanları var.
Bu gün Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi
kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri
olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə
yüksəlib. Sabiq prezidentlər Heydər Əliyev ilə Hüsnü Mübarək arasında dostluq münasibətləri
əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev iki ölkə arasında münasibətlərin
inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin sentyabrında Heydər Əliyev BMT-nin Əhali
və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı
Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin
möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində
böyük əhəmiyyət kəsb edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi
bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini
daim müdafiə edib.
Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəffli platformalarda
sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında,
İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz
arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri,
alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və
s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox
şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük
potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi
üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.
Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn
turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial
layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin iyunun 7-də Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz
arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında
yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub.
Prezidentlər mətbata bəyanatlarla çıxış ediblər. Səfərin önəmindən bəhs edən Prezident
İlham Əliyev “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il
biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu
göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan
sonra da davam etdirilsin”, – deyə vurğulayıb.
Azərbaycan Prezidentinin dost ölkəyə son səfəri çərçivəsində 7 sənəd imzalanıb.
Şübhə yoxdur ki, Qahirədə imzalanan yeni sənədlər iki dost ölkə arasında əlaqələrin
inkişafına yeni perspektivlər açacaq.
Cəmil Məmmədov,
Sabirabad rayonu Qasımbəyli bələdiyyəsinin sədri