KANAL24.AZ
Az Iw En Ru

Bərpaolunan enerji sahəsində yeni eranın əsası qoyuldu

Məlum olduğu kimi Azərbaycanın beynəlxalq toplantılara, forumlara, konfranslara,
hətta idman yarışlarına yüksəksəviyyəli evsahibliyi dünya tərəfindən hər zaman təqdir
edilir. 04.06.2024 –cü il tarixdə öz işinə başlayan Bakı Enerji Həftəsi  Cənab İlham Əliyevin
sayəsində mühüm beynəlxalq tədbirə çevrilib.
İyunun 6-da tamamlanacaq Bakı Enerji Həftəsi üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-
cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian
Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə
inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib. Keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji
Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti
Azərbaycanın üzərinə cəmləşdirir. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış
mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Burada Azərbaycanla
yanaşı, Böyük Britaniya, Almaniya, ABŞ, Çin,Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn,
BƏƏ, Bolqarıstan, Çexiya, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail,
İsveç, İtaliya, Qazaxıstan, Latviya, Qətər, Macarıstan, Monako, Niderland, Norveç,
Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə,
Ukrayna və Yaponiya iştirakçıdır. Bunların arasında İsveç, Hindistan və Sloveniyadan olan
şirkətlər tədbirə ilk dəfə qatılır. Daha bir neçə maraqlı fakt ondan ibarətdir ki, builki sərginin
iştirakçılarının ümumi sayının 15 faizini yeni şirkətlər təşkil edir. Onların əksəriyyəti
Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.Sərgi
sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənən,
şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu
dəfə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində
yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt
odur ki, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin
yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə
evsahibliyi edəcək. Təbii ki, bu əlamətdar hadisələrin hər biri Bakı Enerji Həftəsinin
proqramında da öz əksini tapacaq.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr
və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və
yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək göstərir. Builki sərgidə də Xəzər
regionunun əsas neft-qaz layihələri və regionun enerji təhlükəsizliyi məsələri müzakirə
olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və
qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-
quraşdırma işləri, innovativ texnologiyalar və s. Daxildir
"Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və "yaşıl
enerji" mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri və bununla bağlı təkliflər
gündəmdə olacaq. Sərgidə günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə
enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər,
enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər,
eləcə də yeni layihələr nümayiş etdiriləcək.
Bakı Enerji Forumunda da Azərbaycan və Xəzər regionu üçün vacib enerji məsələləri
gündəmdə olacaq. 600-dən çox nümayəndənin qatılacağı bu tədbirdə "Enerji təhlükəsizliyi və
dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda
kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı",
"Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz
təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-
logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının

rolu" kimi mövzular müzakirə ediləcək.COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına
"Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub.
Ulu Öndər Heydər Əliyev 30 il əvvəl keçirilən ilk sərgidə özünəməxsus qətiyyətlə
nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirmişdi: "Bu tarixdən böyük fəxrlə
danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə
yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni
mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri
neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli
tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və
qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək
qiymətləndirəcəklər".Artıq  Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və
bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir,mötəbər tədbirlərə ev sahibliyi edir. Bunun
bir təsdiqi Bakı Enerji Həftəsidir. 
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər Evinin direktoru


07:37 07.06.2024