KANAL24.AZ
Az Iw En Ru

Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir

Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin
mərkəzində duran ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə
mükəmməl hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də dünyanı əhatə
etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa dövlətlərdən asılı idiksə, bu gün isə
bunun tam əksidir: artıq uzun illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu
Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam
etdirdiyi enerji siyasəti iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını dəfələrlə
yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji anlam daşıyaraq müstəqilliyimizi
möhkəmləndirib, ölkəmizə böyük nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir
edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz
dəhlizi” kimi enerji layihələri Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında
açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə ən yüksək
səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6,
trilyon, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan
hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin.
Azərbaycanın enerji siyasətinin, bu sahə üzrə həyata keçirdiyi layihələrin uğurlu və
cəlbediciliyi, təbii ki, onun güvənli olması ilə sıx bağlıdır. Belə ki, Azərbaycanın təşəbbüsü ilə
ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz atdığı hər bir imzasına
məsuliyyətlə yanaşıb, öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç bir
dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə, bütün tərəfdaşlar Azərbaycanla
əməkdaşlıqdan son dərəcə məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni
addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq istəyənlərin sayı isə durmadan
artır.
Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı
Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan
təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı
və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji
Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi
baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi, bu dəfə də tədbirə maraq yüksəkdir – 37
ölkədən 300-dək şirkət burada cəm olub. Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin
rəsmi açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini bölüşməsi, qiymətli
tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla yanaşı, yüksək statusunu da göstərir.
Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də “yaşıl enerji” sahəsinin inkişafına,
təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit
və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub və bu
istiqamətdə qısa müddət ərzində görülən işlər də göz qabağındadır. Bildiyimiz kimi, iqlim
dəyişikliyi ağır fəsadlara yol açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas
yanaşmalı olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır. Belə ki, 2030-cu
ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına
hədəf olaraq qoyub. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji üzrə
gördüyü işlər barədə iştirakçılara məlumat verdi. Hesablamalara görə, ölkəmizin bərpaolunan
enerji gücü 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23
000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir. Təbii ki, bu, yüksək potensialdır və imkan verir ki, Azərbaycan bu istiqamətdə
gördüyü işləri daha da genişləndirsin.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi


18:37 06.06.2024