Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir
modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni
yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi
çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində
çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış
edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə
verməyə çalışırlar. Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev ölkəmizdə
enerji təhlükəsizliyinin və inkişafının əhəmiyyətini önə çəkərək çox mühüm məsələlərə
toxundu. Dövlət başçısı Azərbaycanda həyata keçirilən enerji siyasətinin tarixi, qazanılan
uğurlar, bir sıra dövlətlərlə əməkdaşlıq əlaqələrindən məmnunluqla danışaraq, bu sahənin
inkişafının bu gün də prioritet olduğunu qeyd etdi. Ölkəmizdə bu sahədə əldə edilən
nailiyyətlərdən ətraflı bəhs edərək Azərbaycanın birbaşa təşəbbüskarı və icraçısı olduğu
layihələrin icra edilməsi nəticəsində dünyanın enerji siyasətinə verilən töhfələri ətraflı
vurğuladı. Bir sıra dövlətlərlə uğurlu əlaqələrin bundan sonra da davam etdiriləcəyini və
dövlətlərimizin, xalqlarımızın inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı.
Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki
özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun
xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin
sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək
maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının
əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş
elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması
bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-
a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni
əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış
edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu
məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox
yaxşı dərk edirik.
Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coxrafiyasının genişlənməsi
göz qabağındadır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası birliyi, əməkdaşlığı
günümüzün reallıqları sırasındadır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubunda günümüzün reallıqlarına və qarşıdakı dövrün
hədəflərinə işıq salınır. Məktubda bildirilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici
COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir.
Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə
işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması
və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından
Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji
təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir
və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın
sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz
enerji və metan tullantılarının azaldılmasına artan diqqət, sadiqlik məmnunluq doğurur.
Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin
təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü
qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və
çoxtərəfli münasibətlərinin inkişafı dövlətimizin başçısının uzaqgörən - milli maraqlara
əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Bütövlükdə, Bakı Enerji Həftəsi
Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu
əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin baş mühəndisi