Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün
dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da
diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin
açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
İyunun 4-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji
– “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu
reallığı diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri
Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol
oynayıb. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi
adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji
Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki,
yaşıl enerji”.
Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər
sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Dövlət başçısı İlham Əliyev bu tədbirin sərgilərinin açılış mərasimində bir daha qeyd etdi ki,
qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək.
Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində
əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu
halda sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda
dayanır. «Əsrin müqaviləsi» ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan
öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. «Əsrin müqaviləsi»nin
imzalanması ilə qısa müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu
müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan
tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 ilə yaxın dövrdə Azərbaycanın enerji
sektorunda qazandığı uğurların qısa xronologiyası onu deməyə əsas verir ki, ölkəmizin
enerji siyasəti uğurludur, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətləri, xalqları bir
araya gətirir, dostluq körpüsünü yaradır. 2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi
görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi.
Bununla da Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. Bu fikir daim qeyd
edilir ki, əməkdaşlıq regional çərçivədə başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Bu,
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin, həmçinin əməkdaşlıqda
maraqlı olmasının göstəricisidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji
layihələri dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır. Bu fikir
beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri reallığa çevirir. Bu layihələr
dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu
reallığı xüsusi qeyd edir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı,
bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi. Cənab İlham Əliyev
Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin icrası nəticəsində həm
Azərbaycanın, həm də qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyini, ölkəmizin bu
sahədə də liderlik keyfiyyətlərini göstərdiyini diqqətə çatdırmışdır. Belə bir əminlik də xüsusi
qeyd edilmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz
potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının
enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər,
onilliklər boyu olacaq.
Artıq ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni
yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu
da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Bu gün enerji inkişafımızın yeni bir
mərhələsindəyik. Avropa təsisatları ilə münasibətlərimiz çox əhəmiyyətlidir. Yeni qaz
yataqlarının kəşfi ölkəmizin qaz potensialına böyük töhfədir. Öz çıxışlarında dövlət başçısı
İlham Əliyev belə bir əminliyi də ifadə edir ki, Cənub Qaz Dəhlizi birgə tarixi nailiyyətimizdir.
3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyində,
enerji şaxələndirilməsində müstəsna rol oynayır: «Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış
edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu,
mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki
məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox
sadiq olan bir heyətimiz var – beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda
kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin
öhdəsindən gəlmək üçün dəstək olaq… Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri
Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.»
Azərbaycanın bu il ən mötəbər tədbirə – COP29-a ev sahibliyi cənab İlham Əliyevin
Beynəlxalq Neft və Qaz Sərgisindəki çıxışında da xüsusi vurğulandı. Bildirildi ki, COP29-a ev
sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün
üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik. İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də
hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan
Prezident İlham Əliyev qeyd etdi ki, Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır.
Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq.
Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək.
Ölkəmizdə keçirilən növbəti mötəbər tədbir ölkəmizə və Prezident İlham Əliyevə böyük
etimadın nümayişidir.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri