Yüz altı il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması ölkəmizin həyatına kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq
məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın
milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş
etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu
möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə
yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu
sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi
üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk
dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən
milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq
ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin
etmək, iqtisadi islahat və s. istiqamətdə işlər həyata keçirmişdir.
Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın
siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq
Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin
yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir
dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq
Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel
ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən
silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət
göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin
hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə öz
tərkibinə daxil etdi. Lakin istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz
müstəqilliyini elan etdi.
Şamil Heydərov,
Sabirabad rayon Mətbuatyayımın müdiri