106 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil
Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay
fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq dövlət başçısı İlham
Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi
səciyyələndirir.
Azərbaycan xalqı daim yenilməzliyi, məğrurluğu və tarixinə sahib çıxması ilə dünyanın
diqqətində olub. Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin öyrənilməsi, düzgün
dəyərləndirilməsi Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham
Əliyevin qarşıya qoyduqları mühüm vəzifə olub. Dahi şəxsiyyət bildirirdi ki, bu gün 10, 20 yaşı
olan gəncin keçmiş dövr haqqında məlumatı yoxdur, Azərbaycanın müstəqillik yolunun ağır
dövrlərdən keçməsindən xəbərsizdir. Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə malik
olması vacib amillərdəndir. Dahi şəxsiyyət hər zaman gənclərə tariximizi öyrənməyə çağırışlar
edirdi. Bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Məhz bu
çağırışların davamı olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük rəğbətlə qarşılandı. Keçilən yolun təhlili
qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əsasdır. Bu mühüm məqamı xüsusi qeyd
etməliyik ki, daim ilkləri ilə tarixə düşən Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən
xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verməklə,
bütün dünya demokratiyasına böyük töhfə vermiş oldu. Qısa dövr ərzində Azərbaycanın ilk
parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində
mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması,
diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni
fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində,
ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit
edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar
dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq
hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün
ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət
bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə
birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan
müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal
Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olduğu təsbit edilmişdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub
saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə
müqayisə etdikdə bunu daha aydın şəkildə görürük. Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı.
Ümummilli Lider Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə
davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi şəxsiyyət Heydər Əliyev dövlətimizin və
dövlətçiliyimizin xilaskarı oldu. Bu gün Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə
məhz 1993-2003-cü illərdə Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində ən yüksək zirvələri
fəth edir. Cənab İlham Əliyevin “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük
nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”
fikri keçilən yolun və qarşıdakı dövrün perspektivlərinin aydın mənzərəsini yaradır.
Mehman Azayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi