Son illərdə ölkəmizin iqtisadi-siyasi gücünün artması, onun Cənubi Qafqaz regionunda lider
dövlətə çevrilməsi, bütün sahələrdə Azərbaycanın uğurları dünyada ona olan diqqəti daha da
artırmışdır. Xüsusilə də parlaq qələbə ilə nəticələnən Vətən müharibəsindən sonra işğal altında olan
torpaqların azad edilməsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi ölkəmizə olan hörməti
gücləndirib. Prezident İlham Əliyevin artan nüfuzu, yeritdiyi uğurlu xarici siyasət, ölkəmizin iqtisadi
qüdrətinin artması və onun Cənubi Qafqazda lider dövlətə çevrilməsi, Avropanın və bir sıra digər
qonşu dövlətlərin enerji təminatında oynadığl rol, Azərbaycanın Şərqlə Qərb arasında mühüm
nəqliyyat qovşağına çevrilməsi bir çox dövlət başçılarının ölkəmizə səfərlərini intensivləşdirib. Bununla
əlaqədar son vaxtlarda Qazaxıstan, Konqo, Gürcüstan, Qırğızıstan, Bolqarıstan, Belorus və
Slovakiyanın dövlər başçılarının Azərbaycana səfərlərini qeyd etmək yerinə düşər.
Həmçinin Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının
genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm
nəqliyyat qovşağına çevirib. Hazırda Mərkəzi Asiya ölkələrindən, Çindən Avropaya gedən ən qısa və
təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı
getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi
Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq
Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat
şəbəkələrinə inteqrasiya olunub.
Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında
əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya
arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında
sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan
maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər
dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır
və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə
təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında
xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və
tərəqqinin təmin olunmasına xidmət göstərəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də
özünəməxsus rol oynayır. Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi
iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir. İki dost ölkə arasında əlaqələrin daha da
möhkəmlənməsinə xidmət göstərəcək növbəti səfər mayın 22-də baş tutub və Tacikistan
Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri ölkələrimiz
arasında münasibətlərin inkişafında yeni mərhələ olmuşdur. Səfər çərçivəsində Azərbaycan Prezidenti
İlham Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri
keçirilib. qeyd edilib ki, səfərin əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin
daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə
verməkdir. Yüksək səviyyəli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində olan aktual
məsələlər müzakirə edilib, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı
daha da möhkəmləndirəcək və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə
görüşdə deyib ki, “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın
nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda
əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx
əlaqələndirmək faydalı olacaq”.
Vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün
getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən
birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Görüşdə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, Azərbaycan Tacikistanın
etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə
mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr
fəal inkişaf edir”.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru