KANAL24.AZ
Az Iw En Ru

Tacikistan və Azərbaycan  arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verən səfər

Ölkəmizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur.
Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son
dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə
dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi
səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur.
Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə
ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini,
dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr,
sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus
rol oynayır.
Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq
uğurla inkişaf etdirilir. İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcək
növbəti səfər mayın 22-də baş tutub. Həmin gün Tacikistan Respublikasının Prezidenti Emoməli
Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Ölkələrimiz arasında əlaqələrin tarixinə nəər salsaq aydın görünür ki, Azərbaycanın Mərkəzi
Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il
sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan
Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq
münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü
göstərir. Buna son illərdə hər iki dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri misal göstərilə bilər.
Mayın 22-23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri
ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Əsas məqsədi ölkələrimiz arasında
yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə vermək olan bu səfər zamanı Azərbaycan Prezidenti İlham
Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri keçirildi.
Görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə edildi,
ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək
və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə
görüşdə deyib ki, “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın
nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda
əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx
əlaqələndirmək faydalı olacaq”.
Vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün
getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən
birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Görüşdə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, Azərbaycan Tacikistanın
etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə
mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr
fəal inkişaf edir”.
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial
var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında
əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəkdir.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


12:47 26.05.2024