İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası
dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib. Hidroqovşaqların
layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma
əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların
tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində
dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən
aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən
hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi,
istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə
“AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı
və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının
doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız
Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85
faizini təşkil edir.
İşlərin başa çatması ilə əlaqədar may ayının 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin
iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və
“Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Açılış mərasimində qeyd edilib ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin”
hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Keçirilən mərasim iki qonşu dövlət
arasında dostluğun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər
möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu
İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin
üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bugünkü mərasimin tarixi
əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə
görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir.
Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng
layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda,
gələcək planlarımızda özünü göstərəcək”.
Bu gün bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün
İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İran və Azərbaycan üzv olduqları bütün
beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.
Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki dövlət
bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətini, öz niyyətini ifadə edirlər.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin
inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan
su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki,
Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına
uğurla çevirən ölkələrdir.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna
malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt
olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin
maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin
örnəkləri olacaq.
Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət
daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə
göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də
Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına
çevirəcəkdir.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların
həcmi 50 faizdən çox artıb. Daşımalar bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla
Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır,
dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın
Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə
Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi
əməkdaşlıq üçün yeni perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan
ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan
əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran
şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan
Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın, ölkələrimizin
dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək.
Heydar Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru