KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan – İran dostluğunun dərin kökləri və qədim tarixi vardır

Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq
aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir,
bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin
həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə  xüsusilə də sərhəd
qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək
təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə
münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə
möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.
İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu
bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.
Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Hələ 1920-
ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış
sənədlərin dönüş nöqtəsi olmuşdur. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra –
1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil
dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev
tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri
normallaşdırıb və inkişaf   etdirib.
Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham
Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost,
qardaş ölkələr, mehriban qonşulardır.  Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi
və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq
təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi
hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Azərbaycan
Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında bir sıra
sazişlər imzalanıb.
İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki,
Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf
etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter
almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün
bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.
İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün
səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi
hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu
layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun
növbəti təzahürüdür. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün
həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir,
eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. Araz çayının su ehtiyatlarından
səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının
yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su
bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb.
Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42
milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını
təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su
anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki,
Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına
uğurla çevirən ölkələrdir.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna
malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt

olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin
maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin
örnəkləri olacaq.
Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-
Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İki ölkə üzv olduğu bütün beynəlxalq
təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcək. İran və
Azərbaycan Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında,  İqtisadi Əməkdaşlıq
Təşkilatında (ECO) və BMT-də bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətlərini,
niyyətlərini ifadə edirlər. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol
oynayır.
Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət
daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə
 göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də
Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına
çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə keçən il
yükdaşımaların həcmi 50 faizdən çox artıb. Daşımalar bu ilin üç ayında da artıb. Bütövlükdə
isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ
başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.
Azərbaycanın azad edilmiş torpaqlarında bu gün genişmiqyaslı nəqliyyat layihələri həyata
keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın
gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni
zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik. Azərbaycan ilə İran
arasında energetika sahəsində çox böyük planlar mövcuddur. 280 meqavat gücündə iki su
elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki
ölkəyə əlavə fayda verəcək.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi
Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən
25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün
fayda verəcək. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin
müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu,
ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq. İki dost ölkə arasında
ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması – bütün bunlar göz
qabağındadır.
Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli
yerlərdən birini tutmuşdur. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da
dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni
zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-
Azərbaycan birliyi, dostluğu sarsılmazdır.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


22:13 21.05.2024