İran dövləti ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici
siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın da Bakı ilə əməkdaşlığa olan
marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen
ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə
fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Azərbaycan və İran xalqları arasında din, mədəniyyət, mənəvi dəyərlər baxımından
yaxınlıq rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü
ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra
Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda xarici
siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi. Sevindirici
haldır ki, müstəqil Azərbaycan artıq dünya birliyində öz layiqli yeri olan, sayılıb-seçilən,
mövqeyini gündən-günə möhkəmləndirən ölkələr sırasındadır. Mədəni, mənəvi və humanitar
cəhətdən ölkəmizə bəslənən rəğbət ilbəil artan və yüksələn iqtisadi qüdrət çərçivəsində
Azərbaycana daha böyük nüfuz qazandırır. Bu təkcə Azərbaycan vətəndaşı olaraq bizim
qürur hisslərimizin təcəssümü deyil. Bu faktlara söykənən elə bir reallıqdır ki, bunu bütün
dünya qəbul edir. İndi artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan hər cəhətdən bölgənin lider
dövlətidir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə
tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən
fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan
reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir.
Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın
ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan
dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz
sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata
keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə
olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik
dövlət quruculuğuna xidmət edir.
İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir və
ümidvarıq ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcəkdir. Azərbaycanla İran
arasındakı əlaqələr çox dərin tarixi köklər üzərində qurulub. Bu zəmində ədəbiyyat,
mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər
tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı
səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni
mədəniyyət nümunələri yaradırlar. Bu nümunələr əlaqələrimizin dünənindən bu gününə gələn
yola işıq salır, bu gündən sabaha aparan yolun müəyyənləşməsinə öz töhfələrini verir. Təbii
ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla
- İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu özünü rəsmi
dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır. Bunu həm də İran İslam
Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin hər bir üzvü müşahidə edə bilirdi.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı
üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və
suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası
arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı
illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi
Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti
işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən
hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi,
istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə
“AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı
və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının
doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız
Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85
faizini təşkil edir.
Ümumiyyətlə, keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki,
Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf
etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter
almaqdadır.
Bu hadisə Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə
bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə
biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu,
dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru