KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Belarus arasında qarşılıqlı əlaqələr dostluq münasibətləri əsasında qurulub

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da
Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki
dövlət arasında mövcud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər oldu.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata
verdiyi bəyanatda dövlətlərarası münasibətlərin qarşılıqlı inama, etibara əsaslandığını
xatırladaraq bu səfərin Azərbaycan – Belarus münasibətlərində daha geniş sahələri əhatə
edəcəyini də, əlaqələrin şəbəkəsinin genişlənəcəyini də bildirərək dedi: “Gündəlikdə olan
məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye
kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə
yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə,
maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda
əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün
praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük
quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda
quruculuq işlərinin dinamikasının yüksəldiləcəyini də bildirdi, tikintinin sürətinin artırılacağını
da. Onu da qeyd etdi ki, quruculuq işlərində dünya təcrübəsindən də bəhrələniləcəkdir:
“Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin
tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma
evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır
ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.
Dövlətlərarası münasibətlərin başlıca təyinedicisi doctluqdur. Azərbaycanla Belarus
arasında belə münasibətlər daha da səmimiləşir. 16 may görüşündə mətbuata bəyanatında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkələrimizin rəhbərləri
arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki,
onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin
rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət
göstərsinlər”.
Dövlət səfərində Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası
Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı
tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2
may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Bakı şəhəri (Azərbaycan
Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin
qurulmasına dair Memorandum” və s. kimi sənədlər imzalandı.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında
səmimiliklə dedi ki, “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü,
normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq
təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı
vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”.
Bu fikirlər Azərbaycanın dünyəvi siyasətdə mövqeyinin göstəriicisi kimi tarixləşdi...
Murad Həsənli,
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri


09:09 22.05.2024