KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Belarus əməkdaşlığı perspektiv gələcəyə malikdir

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur.
Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn
xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri
ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin
formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri,
yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində
də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Belarus həmişə Azərbaycanın
ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə  ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus dövlət
başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə,
əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan
verəcək. Əminliklə demək olar ki, Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün  nümunə ola
bilər.
May ayının 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi
səfərə gəlmoşdir. Həmin gün keçirilən Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş
tərkibdə keçirilən görüşlərində ikiölkə arasında münasibətlərin genişləndirilməsi və digər məsələlər
müzakirə edildi. Prezident İlham Əliyev keçirilən  geniş tərkibdə görüşdə  bildirdi ki, münasibətlərimizin
strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və
əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın
sınağından çıxıb.  Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu,
dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün
vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Görüşdə bu məqam da xüsusi vurğulandı ki,  qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda
böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında
əməkdaşlığın genişləndirilməsini görürük. Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin,
müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı
gələcəyə malikdir. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Belarus Prezidenti vurğuladı ki,
“münasibətlər çox səmimi,  yaxındır. Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır,
onun haraya doğru getdiyini başa düşürük. Kaş ki, Ulu Öndər Heydər Əliyev   Azərbaycanın necə
inkişaf etdiyini və uğurlarını görəydi”.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin
bərpasında yardım təklif etdi: « Biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət
qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə
iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır.
Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı
bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.»
Prezidentlərin bugünədək keçirilən görüşlərinə diqqət yetirdikdə ümumi fikir bu olur ki, Belarus-
Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti  bu münasibətlərin dostluq, qarşılıqlı hörmət, etimad
prinsipləri üzərində qurulmasıdır. Münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Ən yüksək etimad
dərəcəsi və əldə edilən razılaşmaların yerinə yetirilməsi də bu münasibətlərin fərqləndirici
xüsusiyyətidir.
Belarus Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında bütün sahələrdə mövcud vəziyyət,
eyni zamanda, gələcək inkişafın təmin edilməsi üçün görüləcək işlər, atılacaq addımlar müzakirə
olundu.  Ümumilikdə  ayrı-ayrı sahədəri əhatə edən 8 sənəd imzalandı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan
Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə də  tanış oldular.
Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki,  Azərbaycan və Belarus etibarlı və
strateji  tərəfdaşdılar.  Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-
Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


08:08 22.05.2024