Azərbaycan Respublikasının xarici siyasətində Şərqi Avropa ölkələri ilə ikitərəfli
qarşılıqlı əlaqələrin qurulması xüsusi yer tutur. Ölkəmizin sürətli iqtisadi inkişafı, Avropanın
enerji təhlükəsizliyinə verdiyimiz önəmli töhfələr Azərbaycanı regional və beynəlxalq
miqyasda cəlbedici dövlətə çevirir. Şərqi Avropada yerləşən Belarus Respublikası
Azərbaycanla əməkdaşlığa can atan dövlətlərdən biridir. Hələ sovetlər birliyi dönəmində
Azərbaycan və Belarus eyni ittifaqın tərkibində olmuş, iki xalq arasında mədəni, iqtisadi
bağlılıqlar formalaşmışdır. İki dövlət arasında olan bu tarixi bağlılıq obyektiv həqiqətdir və
müasir dövrdə də davam etməkdədir. Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenkonun bir neçə gün əvvəl ölkəmizə etdiyi səfər şübhəsiz ki, ikitərəfli əlaqələrin
inkişafına yeni bir təkan verəcək.
16 may 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri ilə əlaqədar Cənab İlham Əliyevin
mətbuata verdiyi bəyanatda bir çox maraqlı məqamlar yer aldı. Dövlət başçımız qeyd etdi ki,
biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə
həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə
hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri
arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına
impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər,
öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi
naminə fəaliyyət göstərsinlər.
Belarus dövlət başçısının rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası
Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin
sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan
Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və
mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və
dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus
Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may
tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm
sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və
Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının
müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında
Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi”
Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” və digər sənədlər imzalandı.
Belarus dövlət rəhbərinin ölkəmizə səfəri, imzalanmış sənədlər münasibətlərimizin
gələcəkdə daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. Sağlam və
səmimi təməllərə söykənən Azərbaycan-Belarus əməkdaşlığı hər iki qardaş xalqın rifahına
xidmət edir.
Gülgəz Məlikova,
Sabirabad Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi