KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir

Azərbaycanın xarici siyasətində MDB dövlətləri ilə əməkdaşlıq əsas istiqamətlərdən
birini təşkil edir. Bu baxımdan Belorus ilə Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti
mövcuddur.
Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji
tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn
xətlə inkişaf edir. Belorus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini
dəstəkləyir.
Qeyd edilməlidir ki, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın
formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq
təşkilatlarda bir-birlərini dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın
mövqeyini dəstəkləyib. Həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf
etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol
oynayır.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət
səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və
geniş tərkibdə görüşləri keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr
Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı
hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk.
Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı
dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası
münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün
vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Geniştərkibli görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki,
Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrü başlayıb. Bildirib ki, ölkəsi azad edilmiş
ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: “Sizin kifayət qədər
köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə
iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri
lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu
texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.
Sonradan Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib.
Mərasimdə bir sıra mühüm sənədlərin, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə
Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının
elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti
və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində
əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair
Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti
arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və
dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində
əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və
Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının
müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında
Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi”
Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” imzalanıb.
Mərasimdə həmçinin “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus
Respublikası) arasında, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus

Respublikası) arasında, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus
Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma
Memorandumlar”ı imzalanıb.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti
Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev
ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan son illərdə
böyük uğurlara nail olub. Onun sözlərinə görə, Azərbaycan son illərdə, hər şeydən əvvəl,
əsas problemini həll etməklə (uzun müddət ərzində sadəcə səhraya çevrilən torpaqlarını
qaytarmaqla) çox böyük uğura nail olub.
Qeyd edilib ki, Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli
dərəcədə genişləndirməyə hazırdır. “Biz bütün məsələləri müzakirə etdik, açıq qalan
məsələlər yox idi. Buraya təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə
texnikasının birgə istehsalı daxildir. Üstəlik, buraya lift avadanlığının istehsalı (sovet evlərində
köhnə liftlərin dəyişdirilməsinə ehtiyac var) daxildir. Biz bu istehsalı saxlamışıq və
azərbaycanlı dostlarımızla burada bu avadanlığı istehsal etməyə hazırıq”, – o bildirib.
Həmçinin Prezident Aleksandr Lukaşenko Belarus Azərbaycana birgə əczaçılıq
müəssisələri yaratmağı təklif edib. “Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə
lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz
dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox
böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu
zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”, –
o bildirib.
Əminliklə bildirmək olar ki, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq
əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu
əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
Fatimə Məmmədova,
Sabirabad şəhər 1 saylı Kitabxana filialının müdiri


14:05 21.05.2024