Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin
daha da genişlənməsinə təkan verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və
geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Mərasimdə ölkə başçıları “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında
strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin mərasimdə
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında
kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə
“Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalanıb. Daha sonra Azərbaycan Prezidenti
İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, 2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu
ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir. SOCAR keçən il Bolqarıstanda rəsmi olaraq təmsil
olunmağa başlayıb. Azərbaycanın enerji məhsulları, xüsusən də təbii qazı Bolqarıstana ixrac edilir.
Bolqarıstandan olan qonaqlarımız da Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerji
layihəsinə maraq göstərirlər.
Prezident İlham Əliyev öz bəyanatında qeyd edib ki, Azərbaycan qazının ildən-ilə Bolqarıstana
ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql
edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılan hesablamalar onu göstərir ki, bu
ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da
Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı
Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da
artacaqdır. Hazırda Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli”
layihəsi istiqamətdə çox fəal iş aparır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı
kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Ölkəmizin bu sahədə
potensialı kifayət qədər genişdir və bunu Avropalı tərəfdaşlar bilirlər.
Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev bu məqama da diqqəti yönlətdi ki, son
vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi
təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də
çox müsbətdir.
İki ölkə arasında nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətlərindəndir. Ölkə başçısının öz
çıxışında bildirdiyi kimi: “Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-
Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə
artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları
genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm
Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim
münasibətlərimizi daha da gücləndirəcək”.
Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd
etdi ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək
səviyyədə siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə
ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı
zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Rumen Radev bu fikri də böyük inamla
vurğuladı ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və
ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident
Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə
etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi.
Qeyd edilənləri nəzərə alaraq əminliklə bildiririk ki, qədim ənənələrə malik Azərbaycan-
Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru