KANAL24.AZ
Az Iw En Ru

Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri Avropa İttifaqının üzvü
olan ölkələrlə əlaqələrin genişləndirilməsinə yönəldilib. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Avropa ölkələrinə səfərləri, həmçinin Avropa ölkələri rəhbərlərinin Azərbaycana
səfərləri çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn
xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan may ayının 7-də Slovakiya
Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər
çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri,
mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi
barədə aydın təsəvvür yaratdı. Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı İlham Əliyev
bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm
də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Prezident İlham Əliyev öz bəyanatında vurğuladı ki, iki ölkənin münasibətlərində yeni
səhifə açılır. “Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq”. Bildirilib ki, bu gün
imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər
var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının
Baş naziri Robert Fitsonun iştirakı ilə  “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası
arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan
Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi
arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və  “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında
müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Qeyd edilməlidir ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini
24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-
cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1
oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya
Respublikasında səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin
genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə
Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Azərbaycanda Slovakiya şirkətləri
fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata
keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik
stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox
maraqlıdır. Azərbaycan Respublikası  Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən
Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən
cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri
diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu
ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı
və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı.
Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji
sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək
bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya
təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da
Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə
Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Prezident İlham Əliyev ölkəmizin zəngin neft-qaz potensialına da diqqəti yönəltdi  və vurğuladı
ki, Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq
başlamışdır.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də
azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin
yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna

daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad
edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd”
konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq
insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib.
Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə
söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə vurğulayaq ki, bu səfər bütün
sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək,
gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Ülviyyə Qəfərova,
Sabirabad rayon 9 saylı şəhər ümumi orta məktəbinin direktoru


09:51 09.05.2024