KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər

Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə
yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə
2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya
arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan cari il
mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri
də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir.
Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə
Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə
Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən
yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata
verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.
Prezidentimizin Azərbaycan qazının Slovakiyaya nəql olunması imkanları barədə
verdiyi açıqlamaların əhəmiyyətini qeyd edərək deyib: “Dövlət başçımızın çıxışında
Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı
anons yer almışdır. Məlum olduğu kimi, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstanın
“Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream”
və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi
ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının
tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR
arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq
istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və
Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə
həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına
da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış
strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. “Cənab Prezident İlham Əliyevin dediyi kimi,
Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa
ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz
ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20
milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün
ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda
istismar artıq başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl
gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa
olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas
ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki
müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək
səviyyədə uğurla davam etdirəcəklər.
Nərmin Mehdiyeva,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin bələdçisi


21:49 08.05.2024