KANAL24.AZ
Az Iw En Ru

Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı hər zaman Azərbaycanın maraq dairəsində olub

Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam
müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində
mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman
hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və
tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda
son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi
tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə – Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə
əlaqələrimiz daim inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə,
istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin
rəhbəri cənab İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan
dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə
verdiyi mühüm töhfələr dayanır.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir. İttifaqda
təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.
Bu həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla
əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi
müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd
imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur. Rəsmi Berlin hər zaman
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-
Ermənistan münasibətlərində neytral olub, obyektiv  yanaşma sərgiləyib, hətta normallaşma prosesinə
öz dəyərli töhfələr verib. Məncə, dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə
Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər.
Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü
də çatdırmışdı.
Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə,
iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin
Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi
dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın
dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti
Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb.
Statistkaya baxsaq, görərik ki, Almaniyadan bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft
sektoruna isə 762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon
dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də
qənaətbəxş səviyyədədir.
Cənab İlham Əliyev tədbirdə çıxışında COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir
təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman üzərinə düşən öhdəliklərə
məsuliyyətlə yanaşan və ləyaqətlə icra edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl
səviyyədə təşkil edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq qərarlar iqlim
dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli olacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur.
Bu il daha 1300 meqavat gücündə günəş və külək enerji stansiyalarının tikintisinə başlanılacaq.
Önümüzdə isə daha böyük hədəflər var. İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə
tamam fərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimiz həmçinin Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində roluna da toxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə
təbii qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyard kubmetrə çatırmaq nəzərdə tutlub.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


09:31 30.04.2024