Son vaxtlar Azərbaycan-Almaniya münabətləri yeni müstəvidə inkişaf edir. Ölkələrimizin bir-
birinə yaxınlaşması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Azərbaycanla Almaniya arasında
ticarət dövriyyəsi artır, qarşılıqlı sərmayələr yatırılır və yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir.
26 apreldə Berlində Prezident İlham Əliyev çox yüksək səviyyədə qarşılandı. Almaniyada hər
bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmədiyini deyən deputat əlavə
edib ki, Dövlət başçımızın səfəri çərçivəsində “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı ölkəmizdə
keçiriləcək COP29-a hazırlıq prosesi kimi qiymətləndirir. Dövlət başçımız Petersberq İqlim
Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı
verdiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi ilə bağlı məsələləri geniş qeyd etdi.
Azərbaycan Prezidenti Berlində bir sıra mühüm görüşlər də keçirdi. Aprelin 26-da Almaniya
Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok, Almaniya Federativ Respublikasının
Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə, Birləşmiş Ərəb Əmirliklərinin
sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşlərdə İlham Əliyev bir daha
həqiqətləri səsləndirdi.
Almaniyanın dövlət və hökumət strukturlarının rəhbərləri Azərbaycanla Ermənistan arasında
sülh danışıqları, delimitasiya və demarkasiya prosesini alqışlayaraq bu istiqamətdə dəstək
göstərməyə hazır olduqlarını bildirdilər.
Almaniyanın Federal Kansleri Olaf Şoltsla mətbuat konfransı keçirərək bir sıra məsələlərə
aydınlıq gətirdi və jurnalistlərin suallarına cavablar verildi. Bu mətbuat konfransına dəvət olunmuş
jurnalistlər xüsusi tapşırıq əsasında təxribatyönümlü suallar hazırlamışdılar. Amma Prezident İlham
Əliyev bütün sualları çox diplomatik və əsaslandırılmış şəkildə cavablandırdı. Suallardan biri mətbuat
azadlığı və demokratiya ilə bağlı idi. Dövlət başçımız ölkəmizdəki senzurasız internet və media
azadlığı haqqında cavab verərək, “Bütün fəaliyyətlər qanunlar çərçivəsində olmalıdır” – deyə açıq
şəkildə bildirdi.
Həm də neft gəlirlərinin ədalətli bölüşdürülməsinin nəticəsi olaraq ölkəmizdə yoxsulluğun 50
faizdən 5 faizə endirilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə sərf olunan
vəsaitlərin şəffaf xərcləndiyini, 6 min keçmiş məcburi köçkünün öz yurdlarına qayıtdığını və bu ilin
sonlarınadək bu rəqəmin 20 minə çatacağına bildirdi. Dövlət başçımız həm Petersberq İqlim
Dialoqunda, həm də mətbuat konfransında ölkəmizin bərpa olunan enerji potensialının yüksək
olduğunu, 2030-cu ilədək 5 qiqavat “yaşıl enerji” istehsal edəcəyimizi və Qara dənizin dibi vasitəsilə
çəkiləcək kabel xətti ilə 4 qiqavat ixrac edəcəyimizi bildirdi. Həm də “yaşıl enerji” mənbələrimizdən
səmərəli istifadə etməyimiz Avropaya əlavə olaraq 5 milyard kubmetr təbii qazı ixrac etmək imkanına
malik olmağımızı qeyd etdi.
Dövlət başçımız Azərbaycanla Avropa İttifaqı arasında formalaşmış yüksək əlaqələrə
toxundu. Belə ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti ilə imzalanmış memarandumu
xatırlayaraq 2027-ci ilədək 20 milyard kubmetr qaz ixrac etməyi plandırdığımızı bildirdi. O cümlədən
Avropa İttifaqına daxil 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrimizin olduğunu qeyd edən dövlət
başçımız gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətində olduğumuzu ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə
toxunaraq ölkələrimiz arasında baş tutmuş ikitərəfli görüşləri müsbət dəyərləndirdi. Həm də
Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilmiş
xarici işlər nazirlərinin rəhbərlərinin görüşünün bu prosesə töhfə verdiyini, 4 kəndimizin
qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən
görüşərək sülh müqaviləsi layihəsinin müzakirə ediləcəyini bildirdi. Təbii ki, Azərbaycan-Ermənistan
danışıqlarına kənar qüvvələr müdaxilə etməzsə, regiona tezliklə sülh və əməkdaşlığın gələcəyinə
şübhə yoxdur.
Dövlət başçımızın Almaniya səfəri çox yüksək dəyərləndiririlməlidir. Bu səfər Cənubi Qafqaza
sülh və əməkdaşlığın gəlməsinə yeni bir təkan verəcəkdir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru