Almaniya Azərbaycanın Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir.
Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ötən dövrdə müxtəlif
sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya
səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən
biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması
və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli
əməkdaşlığın güclənməsinə şərait yaradır.
Azərbaycan strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb
geosiyasi regionda yerləşir və bununla da həm Qərb, həm də Şərq dövlətləri üçün maraq
kəsb edir. 1990-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycan tədricən iki və
çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da özünü ilk növbədə ölkəmizin
beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Azərbaycanın
xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin
qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk
sıralarda yer tutur.
Bakı ilə Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə cavab verir.
Almaniya Xəzər regionuna, xüsusən də Azərbaycanın iqtisadi resurslarına maraq göstərir.
Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir və birgə beynəlxalq layihələrdə iştirak edir.
Təsadüfi deyil ki, Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş
spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü onda göstərir ki, Almaniyanın MDB məkanında
Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. Almaniya
Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələr arasında səkkizinci yerdədir.
Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində
Almaniya investisiyalı 249 şirkət qeydiyyatdan keçib. Statistikaya görə, Almaniya
Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon dollar, qeyri-neft sektoruna 762,1 milyon dollar
sərmayə qoyub, Azərbaycandan Almaniyaya 569,7 milyon dollar sərmayə qoyulub.
Prezident İlham Əliyevin aprelin 25-26-da Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha
da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və
Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçirdi. Dövlət başçımızın
Berlinə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının yüksələn xətlə inkişafının bariz
göstəricisidir. Prezident birgə mətbuat konfransındakı çıxışında bildirdi ki, Almaniya-
Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı
və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Azərbaycan bu qlobal tədbirin
hazırlanmasında Almaniya tərəfi ilə işləməyə hazır olduğunu bildirib. Almaniya Kansleri Olaf
Şolts ilə birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-la
bağlı Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkür edir və hər iki ölkənin komanda üzvləri
bir-biri ilə sıx təmasdadırlar. Şoltsun çıxışında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir
ki, Berlin həm siyasi, həm iqtisadi sahələrdə Bakı ilə münasibətləri bundan sonra da inkişaf
etdirəcək. Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini
vurğulayan Almaniya Kansleri əlavə edib ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində
əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanla
əməkdaşlıq etməyə maraqlıdırlar.
Bu səfər Avropa İttifaqında və onun siyasətində əhəmiyyətli çəkiyə malik dövlət olan
Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm
təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru