KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Qırğızıstanın əməkdaşlığı türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2024-cü ilin 24-25 aprel
 tarixlərində Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu səfərlə mədəniyyət,
soykökü və tarixi baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində həqiqətən
də yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son
hadisələri analiz edərkən konkret fikir söyləmək olar. 
Qeyd etmək lazımdır ki, səfərin gündəliyi kifayət qədər geniş və zəngin idi. İlk
növbədə Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçməsi təqdirə layiq idi. Tərəflər
arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət
dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü
aydın şəkildə göstərəcək. Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi,
görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin
inkişafının maraqlarına xidmət edəcək. Əslində həm Azərbaycan, həm də Qırğızıstan
türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə
seçilirlər.
Müşahidələrimiz sübut edir ki, ölkə rəhbərlərinin imzaladıqları son sənədlər,
apardıqları səmimi müzakirələr inkişafın gələcək zamanlarda daha dinamik müstəvidə
reallaşmasına xıdmət etməklə yanaşı bu münasibətlərin keyfiyyətcə daha da dərinləşməsinə
öz töhfələrini verəcəkdir. Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət
dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur. Elə bunun
nəticəsidir ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon
dollardan 100 milyon dollara qədər artırılıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq
hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi
mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür. Prezidentlərin mətbuata verdiyi
bəyanatda investisiya siyasəti üzrə digər formalara da müraciət olunacağı bildirilib. Bu
mənada artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin
tikintisinə başlanılıb.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin
tikintisini öz vəsaiti hesabına həyata keçirilməsi isə qardaş dəstəyinin əyani təzahürüdür.
Qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında,
həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatovun Bakıda
abidəsinin açılışı böyük mədəni hadisədir. 
Azərbaycan və Qırğızıstan energetika və nəqliyyat sahələrinin böyük potensialı var.
Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm
Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi
həyata keçirilir.
Azərbaycan və Qırğızıstanın əməkdaşlığı iqtisadi potensialımızın daha da
artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək. Təbii
ki, burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı
məsələlərə xüsusi diqqət yetirilməlidir.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


08:32 27.04.2024